6 May, 2011
FHN partlayışla bağlı məlumat açıqlayıb

Baş vermiş partlayış zamanı yanğın hadisəsi qeydə alınmayıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Nizami rayonunda yaşayış binasında baş verən partlayışla bağlı məlumat açıqlayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 kv/m olan 2 otaqlı mənzildə baş vermiş partlayış zamanı yanğın hadisəsi qeydə alınmayıb. Nəticədə, mənzilin otaqlarının və mətbəxinin pəncərə şüşələri qırılıb, dəhlizin lambirdən ibarət tavanı dağılıb, hadisə zamanı həmin mənzildə təmir işləri aparan 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. 

Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin binaya daxil olan qaz və elektrik xətlərini şəbəkədən ayırıb və müvafiq təhlükəsizlik tədbirləri görüblər. Ərazi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!