5 May, 2011
“Nabucco” layihəsinin dəyəri kəskin artırılıb

“Nabucco” qaz kəməri layihəsinin dəyəri əvvəllər bəyan olunan 7,9 mlrd. avrodan 12-15 mlrd. avroyadək artırılıb

“APA-ECONOMICS”in “Reuters”ə istinadən xəbərinə görə, layihənin bəzi iştirakçıları bu rəqəmlə razı deyillər və “Nabucco”nun dəyərinə yenidən baxılmasını zəruri hesab edirlər. Beləliklə, dəyərləndirmədə yaranan fikir ayrılıqları və qaz mənbələrinin axtarışı ilə bağlı problemlər səbəbindən yekun investisiya qərarının qəbul olunması 2012-ci ilə qədər uzana bilər.

Qeyd edək ki, «Nabucco» qaz kəməri Xəzər regionundan təbii qazın Rusiyadan yan keçməklə Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya vasitəsilə Mərkəzi Avropaya ixracı üçün nəzərdə tutulub. Bu məqsədlə yaradılan «Nabucco Gas Pipeline İnternational GmbH.» konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), «Transgaz» (Rumıniya), «Bulgargaz» (Bolqarıstan), «BOTAŞ» (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub.

Tikintisinə 2012-ci ildə başlanacaq «Nabucco» qaz kəməri ilə Azərbaycan qazının nəqli 2015-ci ildən gözlənilir. Nəqletmə gücü ildə 31 mlrd. kubmetr olan kəmərlə Azərbaycanla yanaşı, Türkmənistan və İraq qazı da daşınacaq. Layihənin dəyərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!