4 May, 2011
Pensiya artımı reallaşır

DSMF prezidentin tapşırığına əməl edir

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) prezidentin tapşırığı əsasında əvvəllər pensiyaya çıxmış şəxslərin müavinətlərinin yeni qaydalarla yenidən hesablanması prosesinə start verib.

Simsar.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə DSMF sədri Səlim Müslümov açıqlama verib.

Onun sözlərinə görə, DSMF artıq müvafiq qanunvericilik aktına, yəni “Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi hazırlayıb və hökumətlə razılaşdıraraq dövlət başçısına təqdim edib. Bu günlərdə həmin sənədin parlamentə göndərilməsi gözlənilir.

“Layihənin illik maliyyə tutumu 390 mln. manatdır. Dəyişikliklərin ilin ikinci yarısından qüvvəyə minməsi gözlənilir. Ona görə də bu il pensiyaların artımına 195 mln. manat xərclənəcək və bu, büdcəyə gözlənilən dəyişikliklərdə nəzərə alınacaq” - deyə S.Müslümov qeyd edib.

DSMF sədri deyib ki, təkrar hesablama zamanı pensiyalar yalnız artım istiqamətində dəyişiləcək. Yəni pensiyası azalmalı olan şəxslərin müavinətləri azaldılmayacaq, olduğu kimi saxlanılacaq: “Azərbaycanda minimum pensiya da artırıla bilər, amma artımın nə qədər olacağı bilinmir. Çünki müxtəlif variantlar nəzərdən keçirilir və qərar verilərkən bütün parametrlər, o cümlədən dövriyyədə olan pul kütləsinin həcmi və inflyasiya göstəriciləri nəzərə alınacaq”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!