6 Mart, 2015
“Gözəlliyin tükənməz çalarları” adlı sərgi keçirilib

Mədəniyyət və Turizm Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş konsert-sərgi keçirilib

Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli çıxış edərək bu tədbirin Azərbaycan qadınlarının şərəfinə təşkil olunduğunu bildirdi. O, xanımlara ən xoş arzularını çatdıraraq konsertin onlar üçün kiçik bir hədiyyə olduğunu vurğuladı.

Sonra Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin konsert proqramı təqdim olundu. Orkestrin dirijoru Fuad İbrahimovdur. Dünya və Azərbaycan bəstəkarları - Y.Haydn, A.Piazzola, İ.Ştraus və L.Andersonun musiqiləri, Qara Qarayevin "Adajio və rəqs", Niyazinin "Arzu" romansı, Arif Məlikovun "Komdenin göz yaşları" və Vasif Adıgözəlovun "Qərənfil" əsərləri ifa olundu. Əsərləri solistlər - beynəlxalq müsabiqələr laureatları Aytac Şıxəlizadə, Emin Bağırov, Ümidə Abbasova və Əməkdar artist Sahib Paşazadə ifa etdi.

Tədbir çərçivəsində həmçinin Milli İncəsənət Muzeyinin kolleksiyasından "Gözəlliyin tükənməz çalarları" adlı sərgi nümayiş etdirildi. Sərgidə Azərbaycanın tarixi, ictimai və mədəni həyatında görkəmli rol oynamış qadınların portretləri - xalq rəssamları Mikayıl Abdullayevin "Rəqqasə Əminə Dilbazinin portreti", "Çəltikçi qızlar", Salam Salamzadənin "Günəş altında", Oqtay Sadıqzadənin "Natəvan", "Akademik Zərifə xanım Əliyevanın portreti", "Fidan Qasımovanın portreti", Böyükağa Mirzəzadənin "Sara Qədimovanın portreti", Altay Hacıyevin "Sara xatun" - ümumilikdə 20-dən çox Azərbaycan rəssamının 30-dan artıq əsəri nümayiş olunur.


Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!