4 May, 2011
Parlamentdə müxalifət qrupu yaradıldı

Fazil Mustafa: "Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik"

Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında Milli Məclisdə təmsil olunan 4 partiya sədrinin görüşü keçirilib.

Məlumat simsar.az-a VHP-nin mətbuat xidmətindən verilib. VHP sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev və Ədalət Partiyasının sədri İlyas İsmayılov iştirak edib.


BQP sədri Fazil Mustafa APA-ya açıqlamasında görüş barədə məlumatı təsdiqləyib. O, görüşdə parlament müxalifət qrupunun formalaşdırılması və işinin aktivləşdirilməsi ilə bağlı müzakirələr aparıldığını bildirib: “Müzakirələrdə parlamentdə müxalifətin rolunun artırılması, daha aktiv fəaliyyət göstərmək, islahatlarla bağlı sənədlərin birgə hazırlanaraq hakimiyyətə təqdim olunması istiqamətində müzakirələr aparıldı”.

Müzakirələrin yekunu olaraq “Parlament müxalifət deputat qrupu” təsis olunub.
F. Mustafa parlamentdə təmsil olunan bir sıra müxalifət partiyalarının təmsilçilərinə də yeni yaradılan təsisatda iştirak üçün müraciət ediləcəyini bildirib: “Qəbul edirlər, etsinlər, etməsələr, fəaliyyətimizi bu formatda davam etdirəcəyik”.


Müraciət Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadəyə və VHP sədrinin müavini Fəzail İbrahimliyə ediləcək. Ümid Partiyasının sədri İqbal Ağazadəyə isə analoji qayda müraciət olunmayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!