6 Mart, 2015
Avro ucuzlaşmaqda davam edəcək

Avropa Mərkəzi Bankı Avrozonada dövlət və özəl sektora aid istiqrazların alınması ilə bağlı hər ay 60 mlrd. avro həcmində monetar ekspansiyanın başlanmasına dair qərar qəbul edib. Martın 9-da qüvvəyə minəcək bu qərar Bankın İdarə Heyətinin Kiprdə keçirdiyi iclasda qəbul olunub.

Simsar.az-ın məlumatına görə, Avropa Mərkəzi Bankının sədri Mario Draqi istiqraz alaraq iqtisadiyyatlara maliyyə dəstəyi verilməsi prosesinin 2016-ci ilin sentyabr ayına qədər davam edəcəyini bildirib. Bu, yetərli olmasa, prosesin davam etdiriləcəyi istisna olunmur.

Monetar ekspansiya nəticəsində Avrozonada ÜDM-in artım tempinin proqnozları bu il üçün 1%-dən 1,5%-ə, 2016-ci il üçün 1,5%-dən 1,9%-ə qədər artırılıb, 2017-ci ildə isə iqtisadi artım 2,1% səviyyəsində proqnozlaşdırılır.

"Report"un analitik qrupu hesab edir ki, monetar ekspansiya Avrozonada avronun bollaşmasına, nəticədə, avronun digər valyutalar qarşısında dəyərini itirməsinə səbəb olacaq. Bu proses Azərbaycanda da davam edəcək və 1 avronun 1 dollardan aşağı düşməsilə manatla paritetə yaxınlaşacağı, hətta daha ucuz olacağı proqnozlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!