5 Mart, 2015
“Gözəllik nuru-2015” baş tutdu - FOTOLAR

Simsar.az xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və "Kukla" Art Qalereyası tərəfindən 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş "Gözəllik nuru-2015" adlı sərginin açılışı keçirilib.

"Gözəllik nuru" incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən bu layihənin növbəti mərhələsi də 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunub. "Gözəllik nuru"nun əsas konsepsiyası teatr və musiqi sənəti ilə üzvi şəkildə birləşən təsviri incəsənətdir. Bu il layihənin əsasında ölkəmizin iki tanınmış qadın rəssamın - İrina Eldarova və Rəna Əmrahovanın yaradıcılığı durub.

Tədbiri giriş nitqi ilə nazir Əbülfəs Qarayev açıb. Natiq, Azərbaycanın sosial-mədəni həyatında qadınların danılmaz yerindən danışıb: “Mehriban Əliyeva Azərbaycan xanımının siması kimi xanımlarımızın nəyinki sosial-mədəni sahələrdə, həmçinin siyasi sahədə, beynəlxalq müstəvilərdə də təmsil oluna biləcəyini sübut edib”. Nazir ötən ildən fərqli olaraq bu il sərgi ilə yanaşı həm də konsertin təşkil olunduğunu vurğulayıb.

Sərgi rəngkarlıq incəsənətinin başqa bir növü – kukla ustalığı ilə tamamlanıb. Muzey Mərkəzinin zallarını "Kukla" Art Qalereyasının kolleksiyasından seçilmiş eksponatları bəzəyib. Bu dünyanın müxtəlif ölkələrindən olan rəssamları tərəfindən yaradılmış qadın obrazları olub.

Təqdimatda eyni zamanda konsert də baş tutub. Zərif cinsin nümayəndələrini bayram münasibəti ilə tanınmış icimai xadimlərə yanaşı Pantomima və Kukla teatrlarının kollektivləri, həmçinin opera müğənniləri də təbrik ediblər.

Qeyd edək ki, sərgi Martın 8-nədək davam edəcək.

Nigar Məhərrəm

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!