4 May, 2011
BİR BAYRAMDA İKİ ÖNƏMLİ KİTAB - FOTO

Nəriman Həsənzadənin «Nuru Paşa» və Aleksandr Fomenkovun «Pamyat sertsa» kitabları Türklük Günü tədbirinə rəng qatdı

Dünən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 3 May Türklük Günü münasibətilə bayram şərliyi keçirib. «Sahil» restoranında baş tutan bayram tədbirində həmçinin xalq şairi Nəriman Həsənzadənin «Nuru Paşa» poemasının və şair-publisist Aleksandr Fomenkovun «Память сердца» şeirlər kitabının müzakirəsi olub. 

Tədbirdə ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın bir illik fəaliyyəti barədə qısa məlumat verib.


Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev isə çıxışında diqqəti sovet quruluşunun azərbaycanlıların həyatındakı roluna toxunub: «Biz sovet şnelindən çıxmışıq, sovet tərbiyəsi görmüşük. Sovet dövründə yaxşı günlərimiz az olmayıb. 1 May zəhmətkeşlər günü kimi qeyd olunurdu. 1 Mayla, 3 May Türklük Günü mahiyyətcə eynidir. 3 May zəhmətkeş türklərin bayramıdır. Türklük Günü təkcə türklərin deyil, türklərin dostlarının da bayramıdır. Belə dostlardan biri şair-publisist Aleksandr Fomenkovdur. Ermənilərin Dağlıq Qarabağdakı işğalçı siyasətilə bağlı onun Rusiya prezidentinə ünvanladığı məktub və oradakı qeydləri bizim üçün son dərəcə əhəmiyyətlidir”.

Daha sonra çıxış edən Bakı Metropolitenin rəisi Tağı Əhmədov çıxışında diqqəti mərhum prezident Heydər Əliyevin qarşıdan gələn doğum gününə yönəldib: «Heydər Əliyevə mərhum deməyin. O, həmişə sağdır, bizimlədir. O, bizim fəaliyyətimizi izləyir, qiymət verir. Heydər Əliyevin reys üstünə qoyduğu təkərləri azacıq toxunuşla irəli aparmaq olur. Məndən öncə çıxış edən Qafar müəllim dedi ki, biz hamımız sovet şnelindən çıxmışıq. Amma mən heç vaxt o şneli geyinməmişəm».

Xalq şairi Nəriman Həsənzadə də çıxış edərək Azərbaycanın müstəqilliyinin və Türklük Gününün əhəmiyyətindən, türk dünyasının dahilərindən danışıb, «Nuru Paşa» poemasından parçalar oxuyub.
Bayram şənliyi xalq artist Mələkxanım Əyyubova, tanınmış qarmon ifaçısı Aslan İlyasov və digər incəsənət ustalarının ifaları ilə davam edib.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!