3 Mart, 2015
Bütün dövlətlər beynəlxalq hüququn normalarına hörmət etməlidir - Elmar Məmmədyarov

Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Sloveniya Milli Şurasının Prezidenti Mitya Bervarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Sloveniya arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafına töhfə verdiyi qeyd olunub.

Mitya Bervar Sloveniyanın qanunverici orqanında Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul edilmiş bəyanatı xatırladaraq, bəyanatda münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ATƏT Minsk qrupu çərçivəsində sülh yolu ilə həllinin dəstəkləndiyini diqqətə çatdırıb.

12-28 iyun tarixlərində Bakıda keçiriləcək ilk Avropa oyunlarına görə Azərbaycanı təbrik edən Mitya Bervar Sloveniya idmançılarının bu yarışlarda geniş tərkibdə iştirak edəcəyini söyləyib.

Elmar Məmmədyarov Azərbaycan ilə Sloveniya arasında tarixi bağlantıların olduğunu qeyd edərək, Sloveniyanın faşizmdən azad edilməsində şücaət göstərmiş azərbaycanlıların, xüsusilə Mehdi Hüseynzadənin xatirəsinin Sloveniya xalqı tərəfindən də əziz tutulmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycanın Balkan ölkələri ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini deyən Elmar Məmmədyarov ölkələrimiz arasında enerji, iqtisadiyyat və ticarət, sərmayələrin qoyulması, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Elmar Məmmədyarov dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu və bütün dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğunu bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!