2 Mart, 2015
Rio üçün ilk xallar qazanıldı

Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil olunan Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük "İzola" Qran-Prisində Rio-2016 Yay Olimpiya Oyunlarına ilk lisenziya xallarını qazanıb. Azərbaycan Velosiped İdmanı Federasiyasından Simsar.az-a verilən məlumata görə, Yarışda 8 velosipedçi ilə təmsil olunan komanda üzvlərimizdən ən yüksək nəticəyə Maksim Averin imza atıb.

Yığmamızın üzvü 160.3 km-dən ibarət marşrutu qalibdən 1 dəqiqə, 14 saniyə sonra başa vurmaqla yekunda 5-ci yeri tutub və aktivinə 10 reytinq xalı yazıb. Averin, həmçinin sprinterlərin mübarizəsində 2-ci olub.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən,Yay Olimpiya Oyunlarından öncəki il də daxil olmaq şərtilə, velosipedçilər təmsil etdikləri qitənin beynəlxalq yarışlarında mübarizə aparmaqla 4 illiyin zirvə yarışına lisenziya xalları toplayırlar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!