3 May, 2011
“Yeni Müsavat” və “Azadlıq” qəzetləri Anar Məmmədova təkzib məktubu göndəriblər

Ruslan Məmmədov: "Qəzetlər təkziblə yanaşı üzrxahlıq da etməlidir”

“Yeni Müsavat” və “Azadlıq” qəzetləri iş adamı, “ZQAN holdinq”in İdarə Heyətinin sədri Anar Məmmədovla məhkəmə çəkişməsini barışıqla həll etmək istəyirlər”. Anar Məmmədovun vəkili, “ZQAN holdinq”in hüquq departamentinin rəhbəri Ruslan Məmmədov mayın 3-də “Media forum” saytına açıqlamasında deyib ki, qəzetlər yaranmış mübahisənin məhkəmədən kənar həlli üçün təkzib verməyi təklif ediblər: “Onlar bizə bir təkzib mətni veriblər. Həmin mətni müzakirə edirik və hələlik son qərarımızı verməmişik. Lakin deyə bilərəm ki, təkzib mətni bizi tam qane etmir. Düşünürük ki, qəzetlər təkziblə yanaşı üzrxahlıq da etməlidir”. 


Vəkil əlavə edib ki, Anar Məmmədov hələlik məsələnin təkzib verilməsi variantı ilə həll olunmasına münasibət bildirməyib.

Ruslan Məmmədovun sözlərinə görə, məhkəmə prosesində yaranan fasilə məsələyə Ali Məhkəmədə baxılması ilə bağlıdır: “Yeni Müsavat”qəzeti məsələyə Yasamal Rayon Məhkəməsində deyil, Nizami Rayon Məhkəməsində baxılmasına dair iddia qaldırmışdı. Bakı Apellyasiya Məhkəməsi qəzetin iddiasını təmin etmədi. Ali Məhkəməyə şikayət olundu və bu instansiya da prosesə Yasamal Rayon Məhkəməsində baxılmasına qərar verdi. Ali Məhkəmənin qərarı göndərildikdən sonra proses davam edəcək”.

Anar Məmmədov “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində dərc olunan bir necə yazıdan narazıdır və hər iki qəzeti məhkəməyə verib. İş adamı qəzetlərin təkzib verməsini, 500 min manat təzminat ödəməsini tələb edir.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!