27 Fevral, 2015
Bakı-Tbilisi-Ceyhan təhlükədə - MOSKVADAN ULTİMATUM

“Rusiya Abxaziya vasitəsi ilə Ermənistana gedən dəmiryolu xəttini bərpa etmək istəyir”

Bunu Simsar.az-a politoloq Qabil Hüseynli Kremlin dərhal Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasını tələb etməsi ilə bağlı verdiyi ultimatumun detallarını şərh edərkən deyib.

O bildrib ki, Kremlin dərhal Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılmasını tələb etməsi olduqca mürəkkəb məsələdir: “Rusiya bu yolla Ermənistanda olan ordusuna hərbi yardımı göndərməyə çalışır. Abxaziyadan keçən dəmir yolunun bir hissəsi, həm də Gürcüstan ərazisindən keçir. Reallıq budur ki, Abxaziya da Gürcüstan ərazisidir. Amma Rusiya tərəfindən işğal edilib. Buna görə də Gürcüstanın bu məsələdə ciddi tərəddüdləri var və Moskva-Suxumi-Tiflis-İrəvan dəmir yolunu açmaq niyyəti yoxdur. Bidzina İvanaşvili Rusiyanın adamı kimi gizli yollarla bu məsələyə müsbət yanaşır. Amma hökumətin böyük hissəsi bu prosesin əleyhinədir”.

Son günlər sabiq prezident Mixeil Saakaşvilinin də bu prosesə fəal şəkildə müdaxilə etdiyini deyən politoloq bildirib ki, sözü gedən məsələyə görə, xüsusilə ölkə prezidenti Georgi Marqvelaşvili Rusiyaya ciddi surətdə etiraz edir: “Rusiyanın ultimatumuna  baxmayaraq hələ ki, Gürcüstan hökumətində dəmiryolunun bərpa edilməsi ilə bağlı qərar qəbul edilməyib. Baş tutarsa, bu,  Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işinə maneə törədəcək. Belə olan halda Gürcüstan-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərəcək”.
Q.Hüseynli əlavə edib ki, dəmiryolunun fəliyyəti bərpa olunarsa Gürcüstan daxilində vəziyyət gərginləşəcək. Politoloqun sözlərinə görə, Ukraynada baş verən hadisələr fonunda bu ölkədə də vəziyyət qarışa bilər.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!