27 Fevral, 2015
“Xocalı qan yaddaşımız”...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı şəhəri 46 saylı Məktəbdənkənar tərbiyə işi Mərkəzi ilə birgə Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımız” adlı tədbir keçirilib.

Simsar.az xəbər verir ki, tədbirdən əvvəl teatrın kollektivi “Ana fəryadı” abidəsini ziyarət edərək faciə qurbanlarının xatirəsini yad ediblər. Sonra Mərkəzin rəsm dərnəyinin şagirdlərinin Xocalı faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgi nümayiş etdirilib. Qarabağda, Ağdam məscidində səslənmiş sonuncu Azan təqdim edildikdən sonra giriş sözü ilə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov tədbiri açıq elan edib. O, bəşər tarixinin ən qanlı qətliamlarından sayılan erməni quldurlarının törətdikləri Xocalı soyqırımı haqqında fikirlərini bölüşüb:

“1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. 7 mindən çox əhalisi olan Xocalı şəhərində törədilən faciədə mülki əhalidən 613 nəfər işgəncə ilə öldürüldü. Onlardan 63-ü körpələr idi. Soyqırım nəticəsində 25 uşaq tam valideynsiz qaldı, 487 adam yaralandı, 1275-i əsir götürüldü, 150 adam itkin düşdü. Bu faciə dünyada törədilmiş ən qəddar terror aktlarından biri kimi insanlıq tarixinə düşmüşdür. Doğma yurdlarından didərgin düşmüş və Azərbaycanın 48 rayonunda məskunlaşmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ümidi ilə yaşayırlar”.

“Müharibə uşaqları” sənədli filminin rejissoru Şamil Nəcəfzadə və operatoru Nizami Abbas birgə ərsəyə gətirdikləri film haqqında danışaraq bildiriblər ki, lentə alınan insanların həyat hekayəsi filmin əsas ssenarisini təşkil edib. 

Xocalı soyqırımının ilk görüntülərini çəkmiş, həmin hadisələrin canlı şahidi olmuş Azərbaycan Dövlət Teleqraf Agentliyinin əməkdaşı İlqar Cəfərov də öz xatirələrini bölüşərək erməni təcavüzünə məruz qalmış soydaşlarımızın fotolarını çəkməyin ağırlığını dilə gətirib.  

Sonda Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasının istehsal etdiyi rejissor Şamil Nəcəfzadənin “Müharibə uşaqları” sənədli filminin  premyerası nümayiş etdirilib. Film Azərbaycanın torpaqları uğrunda şəhid olan qəhrəmanların xatirəsinə həsr olunub.

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!