26 Fevral, 2015
Dani "Qarabağ"da! - Qurban Qurbanov təsdiqlədi

"İlyarımdan artıqdı ki, onunla yaxından maraqlanırdım. Hələ onda gətirmək istəyirdim, indi alındı".

Simsar.az sportinfo.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın  baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam klubunun çalışdırıcısı Dani Quintana haqda danışıb. Çempion mütəxəssis bildirib ki, ispaniyalı yarımmüdafiəçinin transferinin bu vaxta qalmasının səbəbi əvvəlki komandaları ilə bağlıdı:

"Polşada oynadı, ordan getdi Səudiyyə Ərəbistanına. Sənədlərini alması  çətin olub. Biz istəyəndə müqaviləsi vardı. "Yagelloniya"dan ayrılanda isə bura gəlməsi mümkün olmadı. Artıq özüylə danışmışıq, yaxın günlərdə burdadı. Transfer vərəqi özündədi".

Qurbanovun dediyinə görə, "Valensiya"nın yetirməsi birbaşa müqaviləyə imza atacaq. Anlaşmanın müddəti isə üçillikdi. O, azad agent statusu ilə kontrakt bağlayacaqları tanınmış futbolçunun yayadək "Qarabağ"ın düşərgəsində qalacağını, komandaya öyrəşməsini istədiyini bildirib:

"Biz onu yayda, yeni mövsüm başlayanda iştirak ərizəsinə sala bilərik. Bu mövsüm iki klubda oynayıb. Mən Daninin daha tez adaptasiya keçməsini və alışmasını istəyirəm. Çalışacağıq ki, bu, onda qısa müddətdə alınsın".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!