3 May, 2011
"Catel" “Azerfon”-a verildi

Nazir mobil operatorun durumuna aydınlıq gətirdi

Azərbaycanın ilk mobil CDMA operatoru “Catel” şirkəti Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) və “Azerfon” şirkətinin idarəçiliyinə verilə bilər.

“APA-ECONOMICS”in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bir müddət əvvəl “Catel”də texniki problemlər yaranıb: “Şirkət bunu mayın əvvəlində aradan qaldırmalı idi. Biz nazirlik səviyyəsində işə qarışdıq və BTRİB-lə “Azerfon”u “Catel”də yaranmış problemlərin həllinə yönəltdik”.

Nazir qeyd edib ki, hazırda “Catel”in stasionar rabitə şəbəkəsinin BTRİB-in, mobil telefon şəbəkəsinin isə “Azerfon”un idarəçiliyinə götürülməsi ilə bağlı müzakirələr aparılır: “Yaxın vaxtlarda abunəçilər “Catel” şəbəkəsindən tam istifadə edə biləcək. Abunəçilərə kompensasiya verilməsi məsələsinə də baxılır”.

Qeyd edək ki, “CATEL” şirkəti 1997-ci ildən fəaliyyət göstərir. Bakı, Abşeron, Sumqayıt, Kürdəmir, Ucar, Şirvan, Göyçay, Mingəçevir, Gəncə, Şəmkir, Ağstafa, Balakən, Şəki, Şabran, Nabran, Quba, Lənkəran, Astara, Masallı, Cəlilabad və Tovuz şəhər və rayonları “Catel”in əhatə dairəsindədir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!