2 May, 2011
VÜQAR RƏHİMZADƏ “FREEDOM HOUSE”-UN TƏNQİDİNİ QƏRƏZLİ HESAB ETDİ

“Hesabatda əks olunanlar qərəzli, subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan fikirlərdir "

“Freedom House” beynəlxalq hüquq müdafiəsi təşkilatı Azərbaycanda fikir azadlığına qarşı təzyiqlər olması barədə açıqlama yayıb.Təşkilatın araşdırmalar üzrə direktoru Kristofer Volker bildirib ki, jurnalistlər mütamadi olaraq təhlükə və hücumlara məruz qalır, onlardan bəzilər isə defomasiya və digər cinayətlərdə ittiham olunaraq həbsxanada yatırlar. 
“Freedom House”-un açıqlamasına Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə münasibət bildirib. Baş redaktor Trend.az-a deyib ki, ölkədə mətbuat azadlığı yetərincə təmin olunur: ”Freedom house" təşkilatının Azərbaycandakı mətbuat azadlığı ilə bağlı fikirləri qərəzlidir. Hesabatda göstərilənlər qətiyyən reallığı əks etdirmir. Azərbaycanda, kimliyindən asılı olmayaraq, istənilən vətəndaşın mətbuatda öz sözünü sərbəst demək imkanı var. Ölkədə bu sahədə kifayət qədər uğurlu addımlar atılıb. Bu halda "Freedom House"-un hesabatında əks olunanlar qərəzli, subyektiv və kimlərinsə sifarişi ilə ifadə olunan fikirlərdir ".
Söz və mətbuat azadlığı sahəsində kifayət qədər uğurlu işlərin görülməsini önə çəkən V.Rəhimzadə bildirib ki, 1999-cu ildə KİV haqqında qanunun qəbul olunması, 2001-ci ildə bu qanuna əlavə və dəyişikliklərin edilməsi mətbuat sisteminin inkişafı üçün çox uğurlu addım olub. 2005-ci ildə Azərbaycan mətbuatının 130 illiyində Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla mətbuat işçilərinin dövlətin ali mükafatları ilə təltif olunması da çox uğurlu hal idi
Baş redaktor həmçinin KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) yaradılmasının Azərbaycan mətbuat tarixində önəmli hadisə olduğunu vurğulayıb: "Bu fond 2009-cu ildən fəaliyyət göstərir və bir çox uğurlu layihələr reallaşdırır. Bu layihələr həm redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasına, həm də əməkdaşların peşəkarlığının artırılmasına xidmət göstərir. Fondun yaradılması jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı da çox uğurlu addım idi".

Aynurə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!