28 Aprel, 2011
Avtoritetlər Massalıda

“Masallı Mamed”in qırx mərasiminə toplaşdılar

Bu gün Masallıda Kriminal aləmdə xüsusi nüfuza malik, “Masallı Mamed”in qırx mərasimi keçirilib. Simsar.az -ın məlumatına görə, mərasimdə iştirak etmək üçün Bakıdan, ayrı-ayrı rayonlardan, hətta ölkə xaricidən gələn şəxslər Masallıya gedib. 

Qeyd edək ki, kriminal aləmin ən nüfuzlu şəxslərindən olan 51 yaşlı Məmməd Hüseynov həbsxanada dünyasını dəyişib. Martın 20-də cəza çəkdiyi Penitensiar Xidmətin 1 saylı müəssisəsində qəflətən halı pisləşib. M.Hüseynovun ölümünə səbəb beyninə qan sızması olub.

Qeyd edək ki, onun şəkər xəstəliyinin ən ağır formasından əziyyət çəkdiyi bildirilirdi. Uzun müddət Moskvada yaşayan Məmməd Hüseynov azərbaycanlı qanuni oğru “Sabirabadlı Hikmət”in qətlə yetirilməsindən sonra onun varisi sayılırdı.

Uzun illər Moskvada yaşamış “Masallı Mamed” 2009-cu ildə Azərbaycana qayıtmışdı. Amma çox keçməmiş o, narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək, Masallı rayonunda saxlanılmışdı. Kriminal avtoritet Məmməd İsgəndər oğlu Hüseynov ötən il sentyabrın 13-də Masallı rayon məhkəməsinin sədri hakim Cahangir Nəsibovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilərək, 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.

M. Hüseynov Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!