28 Aprel, 2011
Əbülfəs Qarayev Dövlət Rəqs Ansamblını təbrik etdi

"Sözsüz ki, bütün bu uğurlar Dövlət Rəqs Ansamblının hər bir üzvünün mütəmadi olaraq, yorulmadan öz üzərində çalışmasının nəticəsidir"

Azərbaycan Dövlət Rəqs Ansamblının 40 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

APA-nın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutan yubiley tədbirində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Dövlət Rəqs Ansamblının bütün heyətini təbrik edib və onlara uğurlar arzulayıb. Nazir qeyd edib ki, bu gün fəaliyyətinin 40 ilini qeyd edən ansambl bu dövr ərzində çoxsaylı uğurlar qazanıb: “Hələ 2009-cu ildə İSESCO-nun baş katibi Azərbaycan Dövlət Rəqsm Ansamblının çıxışını İslam dünyasında baş tutan çıxışlar sırasında ən yaddaqalan olduğunu bildirmişdi. Hər görüşümüz zamanı baş katib bu çıxışı xatırlayır və kollektivin möhtəşəmliyindən danışır. Sözsüz ki, bütün bu uğurlar Dövlət Rəqs Ansamblının hər bir üzvünün mütəmadi olaraq, yorulmadan öz üzərində çalışmasının nəticəsidir. Afaq Məlikova başda olmaqla, heyətin hər bir üzvünə təşəkkür edirik və 40 yaşınız mübarək olsun deyirik”.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, xalq artisti Afaq Məlikova 35 ildir rəhbərlik etdiyi ansamblla fəxr duyduğunu deyib: “Bu gün çoxsaylı beynəlxalq layihələr həyata keçirilir və ansambl olaarq biz bu layihələrdə iştirak edirik. Ansamblımız vasitəsi ilə Azərbaycanın milli rəqsləri, peşəkarlığı dünyaya çatdırılır. Ansamblımla qürur duyuram, belə bir ansamblın rəhbəri olduğum üçün fəxr edirəm. Təəssüf ki, bir rəqqasın səhnə ömrü 22 il davam edir. Bu, çox azdır”.

Yubiley tədbiri xüsusi konsert proqramı ilə davam etdirilib. Konsertdə solistlər Nigar Rzayeva və Yadulla Həşiminin iştirakı ilə İqor Stravinskinin “Müqəddəs” baleti nümayiş etdirilib. Baletin quruluşçu-baletmeysteri Aqrippina Vaqanova adına Akademik Rus Baletinin professoru Edvald Smirnovdur. Mərasimin ikinci hissəsində Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında milli rəqslərimiz ifa olunub. Yubiley tədbirində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri də qonaq qismində iştirak ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!