28 Aprel, 2011
BP Azərbaycanda yeni dəniz blokunda iş aparır

ARDNŞ və BP qonşu ölkələrdə həyata keçirilən layihələrdə əməkdaşlıq imkanlarını müzakirə edib

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev və BP şirkətinin prezidenti Robert Dadlinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Simsar.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev BP şirkətinin ARDNŞ ilə “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz” yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşası və istismarı layihələrinin həyata keçirilməsində uzun müddətdən bəri davam edən səmərəli əməkdaşlıq münasibətlərindən danışıb. 


Rövnəq Abdullayev qeyd edib ki, hazırda bu layihələr, habelə “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı üzrə işlər normal, planauyğun şəkildə davam edir. Görüşdə “Şahdəniz” yatağının işlənilməsinin II mərhələsinə hazırlıq məsələləri, gözlənilən perspektivlər, Azərbaycan qazının Avropaya nəql edilməsi, eyni zamanda Azərbaycanda və qonşu ölkələrdə həyata keçirilən layihələrdə ARDNŞ ilə BP-nin əməkdaşlıq imkanları üzrə ətraflı fikir mübadiləsi aparılıb. BP nümayəndə heyətinə ARDNŞ-in qarşıdakı dövr üçün həyata keçirməyi planlaşdırdığı layihələr haqqında məlumat verilib.


Daha sonra BP ilə ARDNŞ arasında işgüzar münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə əlamətdar olan “Şəfəq-Asiman” layihəsinə toxunan Rövnəq Abdullayev deyib ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin son iclasında bu layihə müzakirə olunaraq bəyənilib və parlamentin plenar iclasında baxılmağa tövsiyə olunub. Milli Məclisin “Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq-Asiman” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” imzalanmış saziş layihəsini tezliklə ratifikasiya edəcəyinə əmin olduğunu bildirən ARDNŞ prezidenti bu sahədə də işlərin qrafikə uyğun getdiyini nəzərə çatdırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!