27 Aprel, 2011
Xəzər statussuz qaldı

İki günlük konfrans  bitdi

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun Bakıda keçirilən 28-ci iclası başa çatıb. APA-nın məlumatına görə, iclasdan sonra Xəzəryanı ölkələrin təmsilçiləri birgə mətbuat konfransı keçiriblər. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib ki, müzakirələrdə tərəqqi var: “Böyük işlər görülüb. Bir sıra razılaşdırılmayan məqamların razılaşdırılması istiqamətində dialoq aparılıb. Bununla belə, razılaşdırılmayan məqamlar da hələ çoxdur”.

X. Xələfov razılaşdırılmayan məsələlər sırasında Xəzərin su səthinin istifadəsi, milli zonalar arasında fərq, hər bir dövlətin dənizdəki hüququ, gəmiçilik və hərbi fəaliyyət kimi məqamların olduğunu deyib.

İran prezidentinin Xəzəryanı məsələlər üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə isə bildirib ki, beştərəfli konvensiya tam qəbul olunmayana kimi, Xəzərin hüququ statusuna dair SSRİ və İran arasında olan müqavilə qüvvədə qalmış hesab olunur.

Qeyd olunub ki, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirə edilməsi məqsədilə xüsusi işçi qrupun növbəti iclası və Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammiti Moskvada keçiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!