11 Yanvar, 2015
Cənnət və cəhənnəmə yol...

“Nəfs” adında bir şeytanı tərk etdim,

Həyat nədir? – Gec də olsa fərq etdim,

Ən böyük EŞQ... – O –Sənmişsən! – dərk etdim,

Qapını aç bu quluna, ey Rəbbim!

Q.Paşayeva, (“Eşq silsiləsindən”)

Cənnət və cəhənnəm... – İnsanların əbədi mövzusu...

Çox danışarıq ondan, hər zaman da gələcək zamanda...

Əslində isə cənnəti və cəhənnəmi yalnız gələcəkdə axtarmamalıyıq...

Cənnət də, cəhənnəm də hər ikisi elə bu anda da mövcuddur...

Çünki elə bu an etdiyimiz əməllərlə biz cənnəti və cəhənnəmi qazanırıq...

Məsələn, kimisə mənfəətsiz, qarşılıqsız, hesabsız, bazarlıqsız sevir və ya yardım ediriksə, kömək, dəstək göstəririksə, demək elə cənnət qapısındayıq, cənnəti qazanırıq çünki...

Kiməsə nifrət etməyə başlayırıqsa, həsəd aparıb, paxıllıq ediriksə, içimizi kin bürüyürsə, kiməsə pislik ediriksə, kiməsə şər-böhtan atıb, dedi-qodusunu ediriksə, əslində elə cəhənnəmdəyik, çünki cəhənnəmi qazanırıq o an...

Cənnət və cəhənnəm əslində uzaqda deyil...

O bir an kimi, iki addımlığımızdadır, saniyə qədər yaxındır bizə...

Ölümdən sonrasının nə olacağını dərd eləyərik daima... – Niyə? – Anlamıram, doğrusu...

Ölümdən sonrasını dərd etmək lazım deyil, sadəcə elə yaşamaq lazımdır ki, ölümdən sonrasından qorxmayacan...

Böyük Allahımızın haqq-hesab günündə soracağı: “Mən səninləydim, bəs sən kiminləydin?” sualına bu andan hazır olmaq lazımdır sadəcə...

Bir gün bir caminin axundu insanları cəhənnəm atəşiylə qorxudub, insanların qəlbinə qorxu salaraq deyirmiş:  “Bilginizi necə istifadə etdiniz? Pulunuzu xeyirli işlər üçün xərclədinizmi? Allaha olan ibadətinizi yerinə yetirdinizmi? Oruc tutdunuzmu? -  deyə öldükdən sonra Allah sizə çoxlu suallar soruşacaq və əgər bu suallara cavab verə bilməsəniz çox işgəncələr görəcəksiniz.

Axundun çıxışını dinləyən bir dərviş dönüb belə deyir: “Xoca, Xoca! Allah sizin söylədiyiniz bu qədər sualı insana verməz. O sadəcə bir sual verər, o da “Mən səninləydim, bəs sən kiminləydin?”

Bəli, hər birimiz həyatda elə yaşamalıyıq ki, əslində çox sadə, amma sadə olduğu qədər də çətin olan bu suala cavab verə bilək...

(Qənirə Paşayeva)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!