27 Aprel, 2011
Rusiyalı qonaq İlham Əliyevin qəbulunda

Mixail Şmakov 2 günlük olacaq konfransın önəmini qeyd edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakovu qəbul etmişdir. 

Simsar.az prezidentin rəsmi saytına istinadən bildirir ki, Mixail Şmakov Bakıda keçiriləcək “Miqrasiya problemləri və çağırışlar: Həmkarlar ittifaqlarının rolu” mövzusunda II konfransın önəmini qeyd etdi. O, Beynəlxalq Əmək Təşkilatı ilə birgə təşkil edilən bu tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin iştirak edəcəyini deyib. Qonaq bildirib ki, tədbirin əsas məqsədlərindən biri də beynəlxalq miqrasiya məsələlərini müzakirə etməkdən ibarət olacaqdır.

Prezident İlham Əliyev sürətlə inkişaf edən ölkəmizdə xaricdən gələn işçi qüvvəsinin artdığını bildirərək, Azərbaycanda miqrantların əmək fəaliyyəti istiqamətində görülən işləri qeyd edib.

Mixail Şmakov vaxtilə Sovetlər İttifaqının Həmkarlar İttifaqı Təşkilatına rəhbərlik edən bir qrup şəxsin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çəkdirdiyi fotoşəkli xatirə olaraq dövlət başçısına təqdim edib.

Sonra Mixail Şmakov dövlət başçısını Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının fəxri gümüş nişanı, Beynəlxalq Rabitə İşçiləri Həmkarlar İttifaqları Komitəsinin qızıl ordeni ilə təltif edib. Mixail Şmakov Rusiya Federasiyası Müstəqil Həmkarlar İttifaqları Federasiyasının 100 ilik yubileyi münasibətilə hazırlanmış abidənin maketini prezident İlham Əliyevə təqdim edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!