26 Aprel, 2011
Həbsxanalarda biznes mühüti formalaşdırılır

Mədət Quliyev: Azərbaycanda məhkumların işlə təminatı istiqamətində tədbirlər görülür

Azərbaycanda məhkumların işlə təmin edilməsi məqsədilə iş adamlarının cəzaçəkmə müəssisələrinə cəlb olunması və onlara müəyyən güzəştlərin tətbiq edilməsi istiqamətində işlər görülür. Simsar.az məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyev deyib.

Quliyev bildirib ki, bununla bağlı ona ədliyyə naziri tərəfindən tapşırıqlar verilib və bu məqsədlə bir neçə iş adamı ilə görüşüb.

Onun sözlərinə görə, hazırda məhkumların istehsal etdiyi məhsullar rəqabətə tab gətirə bilmir.

"Məhkum nə isə istehsal edə bilər. Onun satışı çox çətindir. Rəqabətə davam gətirə bilmir. Problem də məhz bununla bağlıdır", - o qeyd edib

Məhkumların işlə təminatını onların cəmiyyətə adaptasiyasında xüsusi amil kimi qiymətləndirən Quliyev bildirib ki, bu istiqamətdə müəyyən proqramlar var və bunun mexanizmi axtarılır.

PX rəisi qeyd edib ki, bəzi cəzaçəkmə müəssisələrində istehsalat sahələri yaradılıb.

"Həmin istehsalat sahələrində əsasən nazirliyin mühafizə alayı, cəzaçəkmə müəssisələri üçün çarpayılar, yataq dəstləri istehsal olunur", - Quliyev bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!