29 Dekabr, 2014
Azərbaycanda ilk dəfə - İmtahan canlı yayımlanır

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qış imtahan sessiyası internet üzərindən canlı yayımlanır.

Simsar.az Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, vebkameralar vasitəsilə imtahan prosesini canlı izləmək mümkündür. “Livestream” saytı (http://www.livestream.com/aseu_test_room?t=56983) üzərindən yayımlanan görüntülər hər bir internet istifadəçisi üçün açıqdır.

Təhsil naziri Mikayıl Cabbarovun imtahan sessiyasının təşkili və keçirilməsi barədə müvafiq əmrinə uyğun olaraq, ADİU-da keçirilən imtahanlarda ictimaiyyətin və valideynlərin iştirakı da təmin olunub. Onlar imtahan prosesində müşahidəçi qismində iştirak edirlər.

İmtahan sessiyasında tələbələ və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədilə əsas tədris binasında “Qərargah” yaradılıb. İmtahanlarla bağlı sual, təklif və iradların operativ araşdırılması üçün universitetin qaynar xəttinə (146-1-3) müraciət etmək mümkündür.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!