29 Dekabr, 2014
Kadırov Putini qorumaq üçün 20 min könüllü hazırlayır

Çeçenistan Respublikasınının başçısı Ramzan Kadırovun rəhbərliyi altında istənilən döyüş tapşırığını yerinə yetirə biləcək 20 min çeçen könüllüsü hazırlanır.

Simsar.az xəbər verir ki, bu barədə Rusiya mediyası məlumat yayıb.

Məlumata görə, çeçen könüllülərə bazar günü Qroznıda Bilimxanov adına stadionda hərbi təlimlər keçirilib. 20 min könüllü qarşısında çıxış edən Kadırov deyib: “Amerika və Avropa Rusiyaya iqtisadi müharibə elan edib. Ölkədə kütləvi iğtişaşlar, xaos, panika yaratmaq istəyirlər. Lakin rus xalqı öz lideri Vladimir Putinin ətrafında birləşdi. Çeçen xalqı isə bu birlikdə mərkəzi yerlərdən birini tutur. Putin 15 ildi xalqımıza kömək edir! İndi biz onun yanında olmalıyıq. Xüsusi hazırlıq keçən, istənilən çətin döyüş tapşırığını yerinə yetirməyə hazır olan, Rusiyanın sabitliyini, onun sərhədləri qorumağa hazır olan biz könüllü ordu yaratmalıyıq”.

Məlum olduğu kimi, Ramzan Kadırov dekabrın ortalarında Rusiya Dövlət Televiziyasına müsahibəsində Donbas uğrunda rusiyayönümlü yaraqlıların tərəfində döyüşmək üçün könüllülərin getməsini arzulamışdı.

Hüseyn İbadlı

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!