Birinci qrup əlil Kərəm Əyyam oğlu Məcidovun faiciəli həyatı, dözülməz ağır ev şəraiti ilə bağlı Simsar.az bir neçə dəfə məlumat verib. Lakin qeydiyyatda olduğu Xətai rayon İcra Hakimiyyətində ev növbəsinə düşmək istəyən 1-ci qrup əlilə qarşı süründürməçilik hələ də davam edir.
Kərəm deyir ki, ondan ev növbəsinə götürülməsi üçün tələb olunan bütün sənədləri toplayıb. Bu sənədləri Xətai rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Teymur adlı şəxsə təhvil verib. O da öz növbəsində Kərəmə bir neçə günə mənzil növbəsinə götürüləcəyini deyib.
Lakin artıq 3 həftədir Teymur müəllimdən xəbər gözləyən Kərəm deyir ki, şöbə müdiri onun zənglərinə cavab vermir. Cavab verəndə də səsini eşidən kimi telefonu söndürür. Yazdığı sms-ləri də cavabsız qoyur: “Onlar məndən mənasız sənədlər istəsələr də, fiziki durumumun çətinliyinə baxmayaraq bütün sənədləri toplayıb onlara verdim. Məsələn, onlar məndən əlilliklə bağlı dövlətin verdiyi arayışı yenidən almamı, aparıb notariusda təsdiq etdirməmi istədilər. Amma halbu ki, bu sənədi mən 1996-cı ildə almışam. Məgər, əlilliyim göz qabağında deyil? Bu dövlət mənə ömürlük əlil adı verib, mən dövlətdən buna görə pensiya alıramsa, İcra Hakimiyyəti niyə yenidən məndən sənəd istəməlidir ki. Onlar dövlətin verdiyi sənədə inanmaq istəmədilər. İcra Hakimiyyətinin səlahiyyətli əməkdaşı məndən gizlənir, zənglərimə cavab vermir. Nə edəcəyimi bilmirəm”.
Kərəm deyir artıq dördüncü övladının dünyaya gəlməsinə az qalıb və uşağı harda saxlayacaqlarını bilmir: “12 kvadrat metrlik otaq 5 nəfərlik ailəyə onsuz da yetmirdi. Yeni doğulan körpəni isə bu şəraitdə saxlamaq onun həyatını təhlükəyə atmaqdır. İcra Hakimiyyəti əlil bir insanla niy belə davranır?”.
Məlumat üçün bildirək ki, Kərəm Əyyam oğlu Məcidov gözdən birinci qrup əlildir. Bir gözü süni, digəri isə demək olar ki, görmür. Qulağı yalnız xüsusi cihaz vasitəsilə eşidir ki, o da çox çətinliklə. Bir qolu isə dirsəkdən aşağı yoxdur. Kərəm 16 ildir Dövlət İdarəçilik Akademiyasının yataqxanasında 12 kvadratmetrlik bir otaqda yaşayır. 2008-ci ildə ailə qurub və indi həmin o pəncərəsiz, dar, rütubətli otaqda 2 qızı, bir oğlu və hamilə həyat yoldaşı ilə yaşayır, daha doğrusu yaşamağa çalışır.
Qeyd edək ki, nə qədrə çalışsaq da Teymur müəllimin icra hakimiyyətindəki iş nömrəsiylə, nə də mobil nömrəsiylə əlaqə saxlaya bilmədik. Zənglərimiz cavabsız qaldı.
Xətai rayon İcra Hakimiyyətinin davranışından sonra Kərəm Məcidov ölkə başçısı İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
Həmin məktubun mətnini təqdim edirik:
Cənab prezident! Bəri başdan onu qeyd edim ki, mənim acı notlar üzərində köklənən bu müraciətimi gözucu da olsa nəzərdən keçirməyə vaxtınız olub-olmayacağını, yaxud bu müraciətin sizə çatdırılıb-çatdırılmayacağını demək çətin olsa da, mən bu müraciəti çarəsizlikdən irəli gələrək və başqa çıxış yolu görməyərək, sizlərə son ümid və pənah yeri kimi ünvanlayıram. Cənab Prezident! Mən gözdən, qulaqdan və qoldan 1-ci qrup əlil Məcidob Kərəm Əyyam oğlu artıq 6 il 2 aydır ki, Bakı ş. Xətai r. Gəncə prospekti 59, mənzil 82-də daimi qeydiyyatda olsam da, şəxsi mənzilim olmadığı üçün hazırda hamiləliyinin 8-ci ayını keçirən həyat yoldaşım və 3 övladımla birlikdə məzunu olduğum AR Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının yasamal r. Ə. Ələkbrov küç. 522-ci məh-də yerləşən 1 saylı yataqxanasında (4-cü mərtəbə, 159-cu otaq) yaşayış sahəsi təxminən 12 kv m olan darısqal, nəm və olduqca rütubətli bir otaqda ömür çürüdürük. Ayrı-ayrı yatmağa yer olmadığından övladlarımın ikisi baş-ayaq yatır. Yoldaşımla mən isə demək olar ki, çoxt vaxt oturmuş halda başımızı divara söykəyib mürgüləməklə səhəri açırıq. Özümün gözdən, qulaqdan, qoldan 1-ci qrup əlilliyim bir yana, əgər nəzərə alsaq ki, hazırda həyat yoldaşım 4-cü uşağa hamilədir və artıq 4-cü uşağın doğumuna 1 aydan az vaxt qalıb, bu darısqallıqda 4-cü uşağı harda yatıracam, onu heç bilmirəm. Bununla bağlı müxtəlif rəsmi orqanlara, o cümlədən 29 oktyabr 2008-ci ildən ərazisində daimi qeydiyyatda olduğum Xətai RİH-ə dəfələrlə yazılı müraciət etsəm də, hər dəfə bir bəhanə ilə məni başdan ediblər. Sonuncu belə yazılı müraciətim 2013-cü il noyabrın 26-da şəxsən Xətai RİH-in başçısı cənab R. Məmmədova ünvanlanıb. Bu müraciətin üstündən bir ilə yaxın vaxt keçdikdən sonra Xətai RİH-dən heç bir cavab gəlmədiyini görüb, bu ilin sentyabrında şəxsən özüm icra hakimiyytinə getdim. Qəbul şöbəsində bildirdilər ki, mənim məsələmə RİH-in hüquq siyasəti şöbəsində soyadını bilmədiyim teymur müəllim baxır. Məni Teymur müəllimin qəbuluna buraxdılar. Teymur müəllim mənə çoxlu sayda sənədlərin siyahsını verib bildirdi ki, bu sənədləri toplayıb gətirərsən, gecikdirmədən səni mənzil növbəsinə götürəcəyik. Mən də həmin sənədləri toplayıb sentyabrın 15-də Xətai RİH-ə təqdim etdim. Ümid edirdim ki, tezliklə mənzil nvbəsinə gtürüləcəm. Lakin üstündən 2 ay yarım vaxt keçdikdən sonra Rİh-dən mənə belə bir cavab gəldi ki, guya mən sənədlərdən 2-ni təqdim etməmişəm. Bunlardan biri mənə əlillik dərəcəsi verən Sosial Tibbi Ekspert komissiyasının arayışı, digəri isə forma 2 adlanan sənəddir. Əslində həmin sənədlərin hər ikisini şəxsən Teymur müəlimin özünə təqdim etmişdim. RİH-in sözügedən cavab məktubunu aldıqdan sonra yenidən Xtai RİH-ə gedib Teymur müəllimlə görüşdüm. Teymur müəllim mənə bildirdi ki, StEk-in mənə lillik dərəcəsi verən arayışının sürətini çıxarıb notariusda təsdiqlətdirdikdən sonra onlara təqdim edim. Mən Teymur müəllimdn soruşdum ki, “StEk”-in arayışının notarius təsdiqləsə daha heç bir problem qalmayacaq? Cavab verdi ki, daha heç bir problem qalmayacaq. Artıq 3 həftədir Xətai Rİh-dən heç bir cavab yoxdur. Teymur müəllimə isə nə zaman zəng vururam, ya zəngimə cavab vermir, ya da ki, dərhal telefonu söndürür. Cənab Prezident! İndi mən çarəsizlikdən belə bir müraciəti sizə ünvanlamaq məcburiyyətində qalaraq, bu ölkənin əli hər yerdən üzülmüş əlil bir vətəndaşı kimi soruşmaq istərdim: yerli icra strukturlarının əlillərə qayğısı budurmu? Cənab prezident, odur ki, son ümid yeri kimi sizə üz tutaraq, qarşınızda diz çökərək sizdə mənim bu kor gözlərimə, kar qulağıma, şikəst qolum olmasa da, heç olmasa hamilə yoldaşım və 3 körpəmə rəhm edib, onların bu bataqlıq girdabından qurtularaq normal insan kimi yaşaya biləcək mənzillə təmin olunmalarına köməklik göstərməyinizi artıq dərəcədə xaiş edirəm. Və bu məsələnin tezliklə həll olunması üçün onun həllini sonadək öz nəzarətinizdə saxlamağınızı sizdən dönə-dönə rica edirəm.
Hörmətlə: Məcidov Kərəm Əyyam oğlu. 1-ci qrup əlil”.
Vüsal Qarayev