19 Dekabr, 2014
Oteldən rəsm əsərləri oğurlayan azərbaycanlı saxlanıldı – Moskvada

Rusiya hüquq-mühafizə orqanları oteldən bahalı rəsm əsərlərini oğurlayan 38 yaşlı azərbaycanlını saxlayıblar.

APA-nın Moskva müxbirinin məlumatına görə, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2014-cü ilin iyunun 13-də Moskvada yerləşən "Marriot-Qrand" otelindən Makovskinin əl işi olan "İvan Qroznının ölümü" və Polenovun "Çay peyzajı" əsərlərini oğurlayan şəxslər tutulub.

Onlardan biri 1976-cı il təvəllüdlü Azərbaycan vətəndaşıdır, digəri isə 33 yaşlı Gürcüstan vətəndaşıdır.

Həmin şəxslərin Arbat küçəsində qızıl dükanında baş vermiş oğurluq hadisəsinin təhqiqatı zamanı saxlanıldığı bildirilir.

Barmaq izləri yoxlanılarkən saxlanılan şəxslərin "Marriot" otelindən rəsm əsərlərinin oğurladığı müəyyən olunub. Onlar istintaqla əməkdaşlıq etməkdən və oğurladıqları rəsm əsərlərinin yerini göstərməkdən imtina ediblər.

Moskva Baş Polis İdarəsindən bildiriblər ki, həmin şəxslər qızıl dükanından 1,5 milyon rubl dəyərində oğurluq ediblər.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!