19 Dekabr, 2014
ADİU Türk Akademiyası ilə memorandum imzaladı

Türk Akademiyasının prezidenti, professor Darhan Kıdıralı Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, ADİU-nun rektoru, professor Ədalət Muradov qonağı salamlayaraq universitetin professor-müəllim və tələbə heyətinə Türk Akademiyası haqqında ətraflı məlumat verib. O bildirib ki, Akademiya türk dünyasının strateji inkişaf istiqamətləri üzrə fundamental tədqiqatlar aparan qurumdur.

Türk Akademiyasının prezidenti, professor Darhan Kıdırali çıxışında türk dünyasında mütərəqqi fikir ortaya qoyan dahilərin bir çoxunun Azərbaycandan olduğunu bildirib. Ortaq dəyərlərdən, tarix və mədəniyyətdən danışan D.Kıdırali gələcəkdə türk dünyası iqtisadi araşdırmalar mərkəzinin yaradılmasını arzu etdiyini bildirib.

Qonaq ADİU-nun professor-müəllim və tələbə heyətinin suallarını cavablandırıb.

Tədbirin sonunda ADİU ilə Türk Akademiyası arasında təhsil sahəsində əməkdaşlıq, birgə elmi tədqiqatlar və təhsil layihələrinin mütəmadi keçirilməsi haqqında anlaşma memorandumu imzalanıb.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!