19 Dekabr, 2014
II Bakı Türkoloji Qurultayı keçirilə bilər

“Sovet dövründəki antimilli qüvvələr hələ də tükənməyib, bu gün də milli tariximizə zərbə vurmaqda davam edirlər”.

Simsar.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Alimlərinin I Qurultayında Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev söyləyib.

Onun sözlərinə görə, belə qüvvələrə qarşı mübarizə davam etməlidir: “Bu sahədə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin son tədqiqatları, xüsusən Şah İsmayıl Xətai ilə bağlı araşdırmaları alimlərə elmi söykənəcək olub”.

T.Hacıyev qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti Azərbaycan yazılı ədəbiyyatı ilə bağlı mübahisəli məqamlara son qoyulmasında mühüm rol oynayıb: “Bu sahədə Dədə Qorqudla bağlı mübahisələrə diqqət çəkmək istəyirəm. Türkiyə Dədə Qorqudşünasları deyirdilər ki, Dədə Qorqud 16-cı əsrdən o yana getmir. Ancaq Heydər Əliyev Dədə Qorqud kitabının 1300 illiyinin keçirilməsi ilə bağlı fərman verdi və bu yubiley keçirildi, bununla bağlı bir çox tədqiqatlar aparıldı, kitablar nəşr edildi. UNESCO da bunu qəbul etdi və bununla da Azərbaycan yazılı ədəbiyyatının tarixinin 7-ci əsrə gedib çıxdığı təsdiqini tapdı”.

XX əsrin əvvəlində Bakıda I Türkoloji Qurultayın keçirildiyinin xatırladan T.Hacıyev 2016-cı ildə II Bakı Türkoloji Qurultayının keçirilməsini də təklif edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!