19 Dekabr, 2014
"İstehsalatda bədbəxt hadisələr təşkilati səbəblərdən baş verir" Səttar Mehbalıyev

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) II Məclisi keçirilib.

Trend-in məlumatına görə, Məclisdə təşkilati məsələlərə baxılıb, "Müasir iqtisadi şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin təkmilləşdirilməsində həmkarlar ittifaqlarının rolu" mövzusunda məruzə dinlənilib.

Həmçinin AHİK Məclisinin tərkibinə dəyişiklik edilib, Fövqəladə Hallar Nazirliyinin Həmkarlar İttifaqı Respublika Komitəsi AHİK üzvlüyünə qəbul olunub. Bundan əlavə, AHİK İcrayə Komitəsinin və Təftiş Komissiyasının tərkibinə dəyişiklik edilib.

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev deyib ki, son illərdə respublikamızda sosial-iqtisadi inkişaf, ölkənin ictimai-siyasi həyatında baş verən dəyişikliklər həmkarlar ittifaqlarının dövlətlə və işə götürənlərlə münasibətlərini daha da yaxşılaşdırıb.

S.Mehbalıyev bildirib ki, AHİK-in IV qurultayında layiqli əməyin konseptual əsasları bəyənilib ki, onun da əsas elementlərindən bəziləri əməyin mühafizəsi qaydalarına riayət olunması ilə bağlıdır.

Onun sözlərinə görə, "Sənaye ili" elan olunan 2014-cü il Azərbaycanın sənayeləşdirilməsində keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub: "Ölkə Prezidentinin sərəncamına əsasən, sənayenin inkişaf etdirilməsinə dair Dövlət Proqramı hazırlanıb. Proqramda "Azərbaycan-2020: Gələcəyə baxış" uzunmüddətli inkişaf konsepsiyasının istiqamətləri əsas götürülüb".

S.Mehbalıyev bildirib ki, AHİK yarandığı gündən həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalatda xəsarətlərin sayı 4,4 dəfə, ölümlə nəticələnmiş bədbəxt hadisələrin sayı isə 4 dəfə azalıb: "Bununla yanaşı, araşdırmalar göstərir ki, respublikada istehsalat zədələnmələrinin, işçilərin əmək şəraitinin yaxşılaşdırılmasının, onların ağır və zərərli iş yerlərindən kənarlaşdırılmasının vəziyyəti o qədər də ürəkaçan deyil. 2006, 2011, 2013-cü illərdə həmkarlar ittifaqlarının fəaliyyət göstərdiyi müəssisələrdə istehsalat zədələnmələrinin artmasına yol verilib. 2006-2011-ci illərdə isə ümumilikdə respublika üzrə artım müşahidə olunub".

AHİK sədri qeyd edib ki, son illər istehsalatda xəsarətlərlə bağlı vəziyyətin araşdırılması göstərir ki, qəzalar, bədbəxt hadisələr və zədələnmələr tipik təşkilati səbəblər fonunda baş verir: "İşin düzgün təşkil olunmaması, işəgötürənlərin iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmasına yanaşması belə səbəblərdəndir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması, onların təhlükəli və zərərli iş yerlərindən kənarlaşdırılması problemi də kəskin şəkildə qalmaqda davam edir".

AHİK sədri vurğulayıb ki, respublikamızda özəl biznes, xüsusilə də inşaat biznesi ilbəil artmaqdadır: "Dövlət Statistika Komitəsinin araşdırmaları göstərir ki, özəl və kiçik biznes müəssisələrində əmək mühafizəsinə vəsait ayrılmır. Məhz bu sahələrdə daha çox bədbəxt hadisələr və istehsalat qəzaları baş verir".

S.Mehbalıyev əlavə edib ki, bütün göstərilən nöqsanların aradan qaldırılması, bir sıra problemlərin həlli üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!