19 Dekabr, 2014
Rusiya ABŞ-ı soyuq müharibə ilə hədələyir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə telefon söhbətində prezident Barak Obamanın “Ukraynada Azadlığa Dəstək Aktı”nı imzalamasından narazılığını bildirib.

Simsar.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, S. Lavrov bəyan edib ki, bu addım Rusiya ilə ABŞ arasındakı normal münasibətləri uzun müddətə poza bilər.

Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib. Rusiya XİN-dən bildirilib ki, tərəflər Fələstin-İsrail məsələsini və Ukrayna böhranını müzakirə ediblər: “Sergey Lavrov eyni zamanda onu vurğuladı ki, ABŞ prezidentinin imzaladığı və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini ehtiva edən “Ukraynada Azadlığa Dəstək Aktı” ölkələrimiz arasında normal qarşılıqlı fəaliyyəti uzun müddətə dağıda bilər”.

Qeyd edək ki, B. Obama Konqresdə qəbul olunan məlum sənədə (Ukraine Freedom Support Act 2014) dekabrın 18-də imza atıb. Qanunda Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi və Ukraynaya silah (o cümlədən letal silahlar) göndərilməsi üçün prezidentə səlahiyyət verilir. Lakin B. Obama hələlik yeni sanksiyaların tətbiqi barədə ona verilən səlahiyyətdən istifadə etməyəcəyini açıqlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!