23 Aprel, 2011
ÜNS Teatrının 5 illik yubileyi qeyd olunub

ÜNS Yaradıcılıq Səhnəsi Teatrının beş illik yubileyi ilə bağlı “Buta” sarayında təntənəli mərasim keçirilib

Simsar.az -ın məlumatına görə, yubiley mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva, dövlət və hökumət nümayəndələri, ictimai xadimlər, Milli Məclisin üzvləri iştirak ediblər. Mərasimdə teatrın fəaliyyətindən bəhs edən videofilm nümayiş olunub.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin prezident Dmitri Medvedevin 2011-ci il 20 aprel tarixli fərmanı ilə teatrın rəhbəri, Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayevanın Rusiya-Azərbaycan əlaqələrinə verdiyi töhfəyə görə “Dostluq” ordeni ilə təltif olunduğunu bildirib. Səfir fərmanın mətnini oxuyub.

Görkəmli qazax şairi, alim və ictimai-siyasi xadim Oljas Suleymenov Azərbaycanda mədəniyyətin inkişafından danışıb. O, Mehriban Əliyevanın aprelin 18-20-də Parisdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində etdiyi çıxışı yüksək qiymətləndirib. Sonra O. Süleymenov UNESCO-nun “Mədəniyyətlərin müxtəlifliyinə görə” medalını Nərgiz Paşayevaya təqdim edib.

N. Paşayeva çıxışında ötən beş il ərzində teatra diqqətini və məhəbbətini əsirgəməyən Azərbaycan tamaşaçısına minnətdarlığını bildirib.

Yubiley gecəsi bir-birindən maraqlı çıxışlarla zəngin olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!