17 Dekabr, 2014
Zəngirvari qəza: yollar 1 saatlıq bağlandı

Lənkəranda 3 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat qəzası baş verib.

Simsar.az-ın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 17-də saat 16.30 radələrində Lənkəran - Boradigah şose yolunun rayonun Veravul kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakini, 1964-cü il təvəllüdlü Əkbərağa Həşimovun idarə etdiyi “KamAZ” markalı, 44 BM 540 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını onun qarşısında hərəkətdə olan Lənkəran rayonunun Xarxatan kənd sakini, 1987-ci il təvəllüdlü Sirac Mehdiyevin idarə etdiyi “Ford” markalı, HU 511 AZ 14 tranzit nömrə nişanlı yük mikroavtobusuna çırpılıb.

Əks istiqamətdə hərəkətdə olan Lənkəran şəhər sakini Elşad adlı sürücü idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusunu qəzadan qaçırmaqdan ötrü nəqliyyat vasitəsini yolun kənarına çəkməklə onu kanala aşırıb. Qəza nəticəsində xəsarət alan olmasa da, “KamAZ” və “Ford” markalı maşınlara ciddi ziyan dəyib, həmçinin şose yolu 1 saatadək bağlanıb. Hadisə yerinə cəlb edilən yol polislərinin müdaxiləsi ilə yolda nəqliyyatın hərəkəti bərpa olunub.

İlkin versiya kimi qəzanın “KamAZ” markalı yük maşınının əyləc sistemində yaranmış nasazlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!