17 Dekabr, 2014
Türk seriallarının çəkildiyi “kinoşəhər”dən REPORTAJ - FOTOLAR

Son 15 ildə Azərbaycan tamaşçısı da daxil olmaqla, Ərəbistan, Yunanıstan, Ukrayna, Bolqarıstan, Macarıstan kimi ölkəkələrin tamaşaçısını ovcunun içinə almağı bacaran Türkiyə teleseriallarının niyə bu qədər maraqlı və inandırıcı olduğu hər zaman maraq dairəmdə olub. Təbii ki, aktyor, rejissor, ssenarinin əhəmiyyəti danılmazdır. Amma İstanbulda bu serialların çəkildiyi şəhərcikdə olandan sonra anladım ki, məkan və texnika da böyük əhəmiyyətə malikdir. Ekranlarda nəfəs almadan izlədiyiniz türk serillarının əslində harda çəkildiyini bilmək sizə də maraqlıdırsa, o zaman manitorlara bir az da yaxın əyləşin.

Bura Türkiyənin ən böyük  çəkiliş meydançası olan  Bosphorus Film Studiyasıdır. Şəhər içində şəhər də demək olar. Xəstəxanası, Polis məntəqəsi, həbsxanası, məhkəməsi, labaratoriyası, bankı, ofisləri, şirkətləri olan bu məkanda Türkiyənin ən çox izlənən “ Küçük gelin”, “Arka sokaklar”, “Sana bir sırr verəcəyim”, “Küçük ağa” və bir çox seriallar ərsəyə gəlib.  Elə reportaj üçün gəldiyim gün “Medcezir” serialının çəkilişləri gedirdi.

Polis məntəqəsinin qapısından içəri girəndə adam özünü əsla kinopavilyonda hiss etmir. Çünki gördüyünüz bu şeylərin heç biri dekorasiya deyil.  Cinayətkarların dindirilmə otağı, həbsxana, məhkəmə zalı sözün əsl mənasında şəhanədir. Belə bir məkanda pis film çəkmək  haqsızlıq olar deyə düşünür adam.

Hər serialda birinci bölümdən sonuncu bölümə qədər bu məkanda cərəyan edən hadisələr mütləq olur.  Yəni filmlərdə gödüyünüz xəstəxana kadrları bizim seriallardakı kimi gecələr dövlət xəstəxanalarında və ya özəl klinikalarda deyil, günün istənilən saatında xüsusi inşa edilmiş bax bu xəstəxana binasında həyata keçirilir.

Bura isə Anadolu həyatından bəhs edən filmlərin çəkildiyi paviliyondur. Yəni filmlərdə gördüyümüz qəsəbə həyatını əks etdirən kadrlar, malikanələr, qəsəbə çayxanaları, mağazaları, bazarı əslində bu meydanın içərisində cəmlənib. İşin içinə bir az da  peşəkarlıq qarışdığı zaman ortaya gözəl işlər çıxır. Tamaşaçı heç cür filmin hər hansısa bir Anadolu kəndindəki malikandə deyil, İstanbulun ortasındakı bu geniş kinopaviliyonda çəkildiyini anlaya bilmir.

Bosphourusun rəhbəri Aytəkin Mərd Buranın Türkiyədə ilk və ən böyük kinopaviliyon olduğunu dedi: “Türkiyədə kinopaviliyonlar var. Amma ya bir xəstəxanadır, ya bir bank, ya ofis. Hər şeyin bir arada olduğu bu boyda bir paviliyon Türkiyədə ilkdir. İlkə imza atmaq sevindiricidir əlbətdəki. Demək olar ki, serialların bir çoxunun yaradıcı heyəti bizə müraciət edir. Çünki burda onlar üçün rahatdır. İnsanları rahatsız etmirlər. Məsələn Türkiyədə Məhkəmə salonlarında, polis məntəqələrində çəkilişə icazə yoxdur. Bosphours olaraq bu problemləri aradan qaldırdıq.  Bundan başqa xəstəxanada gördüyünüz bütün cihazların, tibbi alətlərin hamısı işlək vəziyyətdədir. Yəni günü sabah bura bir baş həkim, bir iki tibb bacısı qoysaq normal bir xəstəxana kimi fəaliyyət göstərə bilərik”.

Hər şeyin olduğu bu kinopaviliyonda məktəbin olmaması diqqətimi çəkdi. Aytəkin bəy bildirdi ki, gələcəkdə məktəb də nəzərdə tutulub: “Bu məktəb həm də həqiqi məktəb kimi fəaliyyət göstərəcək. Məsələn gələcəkdə rejissor, aktyor olmaq istəyən uşaqlar bu məktəbdə təhsil almaqla praktika keçmiş olacaq”.

Azərbaycan filmləri haqqında nə düşünürsünüz? Sualıma Aytəkin bəy bu cavabı verdi ki: “Sizin filmlər hardan baxsan bizim filmlərdən 20 il geridə qalıb. Təbii ki, hər şey birdən-birə olmur. Türk kinosu da bu yerə gələnə qədər bir çox keyfiyyətsiz ekran işlərinə imza atıb. Məsələn sizdə belə bir kinopaviliyon yoxdur. Olmadığı üçün də Türkiyədən,  Rusiyadan Azərbaycana film çəkmək üçün gələn rejissorlar normal olaraq belə bir şəraitdə iş görmək istəmir”.

Bosphourus o qədər böyükdür ki, nə gəzməklə bitir, nə yazmaqla. Şəhər içindəki bu şəhəri gəzdikcə anladım ki, müasir Azərbaycan kinosunun problemi təkcə ssenari, rejissor, aktyor problemi deyil. Bizim kinomuzun sözün əsl mənasında qayğıya ehtiyacı var. Və kinomuzun yarası dövlət büdcəsində ayrılan beş-üç manatla sağalası deyil. Bircə on u bilirəm ki, bir başıpapaqlı çıxıb Azərbaycan kinosunun lijimini düzəltməsi vacibdir. Bu da ki, vacib olduğu qədər, həm də qəliz məsələdir.

 

Günel Musa

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!