16 Dekabr, 2014
Prosineçki Dubayı Antaliyaya dəyişdi

“Millinin toplanışı nə qədər çox olsa, bir o qədər yaxşıdı. Bu, yığmanın baş məşqçisi kimi qane edər”. Simsar.az xəbər verir ki, bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı çalışdırıcı fevralda keçiriləcək təlim-məşq toplanışının Antalyada baş tutacağını bildirib: “Fevralda Antalyada 6 günlük təlim-məşq toplanışı keçirəcəyik. Bu müddət ərzində 1 yoxlama oyunu da nəzərdə tutulub. Albaniya Futbol Federasiyası ilə danışıq aparsaq da, alınmadı. Həmin müddətdə orada olacaq komandalardan biri ilə qarşılaşacağıq”.

Prosineçkinin sözlərinə görə, yığma növbəti dəfə AÇ-2016-nın Malta ilə keçiriləcək rəsmi görüşündən öncə bir araya gələcək: “Yenə deyirəm ki, məndən olsa, komandanı tez-tez yığaram. Amma çempionatın təqvimini, klubları da nəzərə almalıyıq. Malta ilə martda keçiriləcək rəsmi oyun öncəsi 7 günlük toplaşacağıq. Bundan əlavə, Bakıda yaşadığımdan, hər oyunu izləyirəm. Toplanışa kimi lazımi qədər məlumat toplayacam. İmkan daxilində, ölkə çempionatının təqviminə mane olmadan, tez-tez toplanış keçirmək istəyərəm”.

Qeyd edək ki, millimiz son 6 ildə ilin ilk hazırlığını Birləşmiş ərəb Əmirliklərinin Dubay şəhərində keçirirdi.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!