15 Dekabr, 2014
Gürcüstan üzümüzə qapını niyə bağlayır? - SÖZDƏ DOSTLUQ

“Borçalı” Cəmiyyətinin üzvlərinin Gürcüstana buraxılmamasından sonra bəlli olub ki, artıq neçə müddətdir ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bu ölkə üçün qəbulolunmaz azərbaycanlılar siyahısına daxil ediliblər. Artıq vəziyyət Azərbaycan mediasının gündəminə yol tapıb və iki dövlət arasındakı münasibətlər müzakirə mövzusuna çevrilib.

Gürcüstana buraxılmayan Qarabağ Azadlıq Təşkilatının (QAT)  sədri Akif Nağı Simsar.az-a açıqlamasında problemə səbəb ola biləcək məsələlərdən danışıb.

Bir müddət əvvəl onu və QAT-ın üzvlərini də sərhəd-keçid məntəqəsindən buraxmadıqlarını deyən təşkilat sədri həmin vaxt bu məsələ ilə bağlı konkret məlumat verilmədiyini qeyd edib: “Keçid məntəqəsində bizə bir kağız vermişdilər. Orada buraxılmamağımıza səbəb kimi ümumi məsələlər göstərilmişdi. Biz bu ümumi məsələlərin nədən ibarət olduğunu araşdırmaq üçün bir neçə quruma müraciət etdik. Gürcüstan hökuməti bildirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyindən rəsmi müraciət edilməlidir. Ondan sonra biz məsələsni aydınlaşdıra bilərik. Həmin vaxt Gürcüstanın Azərbaycandakı səfirliyinə də müraciət ünvanlamışdıq. Amma məsələyə ciddi yanaşmadılar”.

Regionda bir sıra problemlərin olduğunu deyən Akif Nağı bu məsələnin Azərbaycan və Gürcüstan arasındakı münasibətlərə xələl gətirəcəyindən ehtiyat edir: “Onsuz da qonşularımızla münasibətdə problemlərimiz var. Ona görə, biz də bu məsələnin böyüməsini istəmədik”.

Yaxın günlərdə “Borçalı” Cəmiyyətinin üzvlərinin də Gürcüstana buraxılmamasına münasibət bildirən Akif Nağı deyib ki, ictimai-fəal şəxslərin azərbaycanlılarla görüşü onların təşkilatlanmasına səbəb ola bilər. Gürcüstan hökuməti də bundan narahatdır.

QAT-ın da Borçalıda yaşayan həmyerlilərimizlə bir neçə dəfə görüşdüyünü deyən təşkilat sədri bu görüşlərin müəyyən nəticələri olduğunu dilə gətirib: “Biz Borçalının bir çox yerlərində azərbaycanlıları toplayıb Qarabağ problemindən, bu problemin həlli yollarından danışırdıq. Bundan əlavə müxtəlif mövzularda müzakirələr aparırdıq, azərbaycanlıların problemləri ilə maraqlanırdıq. Problemlərin çıxış yollarını onlara göstərirdik. Onların hüquqlarını başa salırdıq. Bunun nəticəsi idi ki, son bələdiyyə seçkilərində azərbaycanlılar fəal iştirak etmişdilər. Onlar bir neçə yerdə aksyalar keçirmişdilər”.

Xatırladaq ki, bir neçə gün əvvəl “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Borçalı” Cəmiyyətinin üzvlərinin Gürcüstana buraxılmaması ilə bağlı məlumat yaymışdı.

Vüsal Məmmədzadə


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!