10 Dekabr, 2014
Ermənilərin bir çıxış yolu var

Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin keçirdiyi IV zirvə toplantısından sonra keçirilən mətbuat konfransında regional problemlər barədə önəmli açıqlamalar verilib.

Simsar.az-ın məlumatına görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu verdiyi açıqlamasında Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünə dəstək nümayiş etdirməklə yanaşı Ermənistanın regional layihələrədən kənarda qalmasına da toxunub:

"Regional və beynəlxalq inkişafları qiymətləndirdik. Bölgədəki münaqişələr ərazi bütövlüyü əsasında sülhlə həll olunmasının əhəmiyyəti barədə danışdıq. Mövcud problemlər səbəbindən Ermənistan bu mexanizmin kənarında qalıb. Ermənistan qonşu ölkələrin sərhədlərinə hörmət etsə, aramızda yer ala bilər. Başqa cür aramızda ola bilməz".

Türkiyəli nazir Ermənistanın da regional əməkdaşlığa cəlb olunmasını istədiklərini bildirib: "Qarabağ problemi, Azərbaycanın işğal edilmiş torpaqları, Abxaziya və Cənubi Osetiya problemlərinin bir an əvvəl sülhlə həll olunmasını istəyirik. Həll üçün hər şeydən əvvəl Ermənistanın qonşularının sərhəd və ərazi bütövlüyünə hörmət etməsini öyrənməsi lazımdır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib. Bu işğal faktı BMT, Avropa Şurası və ATƏT-in sənədlərində öz əksini tapıb".

Daha sonra Mövlüd Çavuşoğlu Ermənistanı bölgədəki gərginliyi artıran addımlardan çəkinməyə və münaqişənin sülh yolu ilə həlli üçün daha çox səy göstərməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!