21 Aprel, 2011
İslam Partiyası şəhər rəhbərliyindən "yox" eşitdi

Aksiya üçün yer istəmədilər, yenə icazə verilmədi

Azərbaycan İslam Partiyasının (AİP) aprelin 24-də paytaxtda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) etdiyi müraciətinə cavab verilib.

AİP-in mətbuat katibi Hacı Akif Heydərli APA-ya bildirib ki, bu gün verilən cavab məktubunda paytaxt meriyası partiyanın mitinq keçirmək istəyini məqsədəuyğun hesab etməyib. Məktubda bildirilib ki, AİP-in 10 min nəfərlik mitinq keçirməsi paytaxt rəhbərliyinə çətinlik yaradacağından BŞİH bunu məqsədəuyğun hesab etmir. A. Heydərlinin sözlərinə görə, BŞİH mitinq üçün nativ yer təklif etməyib.

Partiya funksioneri qeyd edib ki, AİP aprelin 24-də keçirməyi planlaşdırdığı mitinqi Azərbaycan qanunlarına hörmət olaraq razılaşdırılmamış şəkildə keçirməyəcək: “Növbəti mitinqlə bağlı qərar partiyanın Baş Məclisi tərəfindən veriləcək. Mitinqin icazəli və ya icazəsiz olmasını, yeri və vaxtını bu qərar müəyyən edəcək”. O, Baş Məclisin yaxın 2 həftə ərzində keçiriləcəyini də deyib.

Qeyd edək ki, aprelin 11-də Azərbaycan İslam Partiyası (AİP) aprelin 24-də paytaxtın meydanlarının birində mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!