4 Dekabr, 2014
Komitə sədri Cakartaya gedəcək

Dövlət Komitəsinin sədri İndoneziyanın ölkəmizdəki səfirini qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Raden Prayono Atiyantonu qəbul edib.

Komitədən Simsar.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında bütün sahələr üzrə əlaqələr uğurla inkişaf etdiyini bildirib.

Azərbaycanda olduğu iki il ərzində gördüyü işlərdən danışan səfir ölkəsinin Azərbaycan ilə dostluğu və əməkdaşlığı daha da genişləndirməyə maraqlı olduğunu deyib. Ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə edən diplomat iqtisadi və humanitar sahədə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib və onu 2015-ci ilin fevral-mart aylarında Cakartada keçirilməsi nəzərdə tutulan "İslam alimlərinin 4-cü Beynəlxalq Konfransı"na dəvət edib.

Hüseyn İbadlı

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!