4 Dekabr, 2014
“TANAP Türkiyə üçün “Cənub axını”ndan daha əhəmiyyətlidir” – EKSPERT

Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və iki ölkə arasnda imzalanan iqtisadi anlaşmalar qərbi, xüsusiylə ABŞ-ı ciddi narahat edir. Ukrayna hadisələrindən sonra Avropa ölkələrinin, eləcə də ABŞ-ın tətbiq etdiyi sanksyalarla getdikcə dərinləşən iqtisadi problemlər içərisində boğulan rəsmi Moskvanın Ankraya yaxınlaşması, əslində Putinin bu ölkələrə adekvat cavabı olaraq dəyərləndirilir.

Mövcud vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramlı Simsar.az-a açıqlamasında bildirib ki, Avropa alternativ tədarükçülər tapana qədər Rusiya qazından asılı vəziyyətdə qalacağından narahatdır. Belə ki, 40 milyard dollarlıq “Cənub axını” qaz xətti Türkiyədən keçəcəyi təqdirdə, dünya qaz bazarında güc dəyişikliklərinin yaranacağı istisna deyil: “Eyni zamanda bu yaxınlaşma Azərbaycanı da yaxından maraqlandrır. Çünki, rəsmi Ankara və Moskvanın iqtisadi, əsasən enerji sahəsində yaxınlaşması bir neçə sual yaradır. Əsasən, Azərbaycanın regionda və Türkiyədəki mövqeyi zəifləyə, “Cənub axını” qaz xətti layihəsinə Türkiyənin də qoşulması Ankaranın Azərbaycana TANAP layihəsinə marağını azalda bilərmi suallarını yaradır”.

Ekspertin fikrincə, Rusiya və Türkiyə arasında yaxınlaşmanın olacağı əvvəlcədən proqnozlaşdırılırılıb: “Qərbin tətbiq etdiyi sanksyaların səbəb olduğu iqtisadi böhranla vuruşan Rusiya, özünə şərqdə - Asiyada dostlar və yeni dostlar axtarır. Bu baxımdan Türkiyə Rusiya arasındakı mövcud yaxınlaşma başadüşüləndir. Təsadüfi deyil ki, Rusiya Çin bazarına da girməyə çalışır. Lakin onu da nəzərə alaq ki, Rusiya Türkiyə üçün daha çox əhmiyyətli ölkədir. Çünki, Rusiya Türkiyə ixracatında birinci yerdədir. Bu baxımdan da Türkiyə də Rusiya ilə münasibətlərdə maraqlıdır. Türkiyə çalışır ki, mavi qaz idxalını şaxələndirsin”.

V. Bayramlı iki ölkənin enerji sahəsndə yaxınlaşmasının Azərbaycana təsiri məsələsinə də toxunub: “Azərbaycan üçün Türkiyə bazarı əhəmiyyətlidir. Azərbaycanın da Türkiyə üçün bir o qədər əhəmiyyətli tərəfdaşdır”. Ekspert qeyd edib ki, TANAP Türkiyə üçün “Cənub axını” layihəsindən daha əhəmiyyətli və real layihədir.

Onun sözlərinə görə rəsmi Ankara TANAP-ın reallaşmasında daha maraqlıdır: “Çünki, “Cənub axını” layihəsi kifayət qədər bahalıdır və Rusiyanın iqtisadi böhran içərisində boğulduğu bir zamanda belə bir bahalı layihəni maliyyələşdirə biləcəyi sual altındadır: “Bu baxımdan TANAP layihəsi Türkiyə üçün artıq reallaşmış bir məsələdir. Azərbaycan TANAP vasitəsiylə dünya bazarına il ərzində 8.6 milyard kubmetr əlavə qaz çıxartmaq niyyətindədir. Və TANAP həm də ona görə vacibdir ki, bu layihə TAP, yəni Azərbaycan mavi qazını Avropa bazarına, xüsusən İtaliya bazarına çıxaracaq layihə üçün ilkin bazadır. Buna görə də düşünmürəm ki, Rusiya ilə Türkiyə arasındakı münasibətlərin, xüsusən enerji sahsində əməkdaşlığın dərinləşməsi Azərbaycanın diqqətdən kənarda qalmasına gətirib çıxara bilər”.

Ekspert həmçinin Türkiyənin ucuz enerji əldə edə bilmək üçün, bir mənbədən asılı olmamağa çalışdğını bildirib: “Ərdoğan hakimiyyəti çalışır ki, bir neçə istehlakçı ilə işləsin ki, daha ucuz qaz ala bilsin. Nəzər alaq ki, TANAP razılaşmasından sonra Rusiya öz qazını Türkiyəyə daha ucuz qiymətə təklif etdi. Lakin “Cənub axını” layihəsi reallaşacağı təqdirdə belə Azərbaycanın öz mavi qazını Avropaya çxaracaq. Qeyd etdiyim kimi bunda Türkiyə də maraqlıdır. Nəzərə alsaq ki, “Şahdəniz”in ikinci bazası çərçivsində 2013-cü ilin dekabrın 17-də  imzalanmış anlaşma, bir mənalı şəkildə Azərbaycan qazının Türkiyə və Avropaya çıxarılmasını reallaşdırır”.

Vüsal Qarayev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!