4 Dekabr, 2014
Qadına qarşı cinayət, təcavüz, zorlama - Türkiyədən ŞOK rəqəmlər

783 qadın bu münasibətlərin qurbanı oldu

Türkiyədə demək olar hər gün 1 qadın şiddətə, zorakılığa məruz qalır. Qəribəsi isə odur ki, həmin hallar media vasitəsilə soyuqqanlılıqla yayımlanır.

2013-cü ilin rəsmi göstəricilərinə görə, 241 nəfər zorakılığa məruz qalıb. 214 qadın və 10 uşaq zorakılıq nəticəsində dünyasını dəyişib, 167 qadın və qıza zor tətbiq edilib, 161 nəfər isə bu münasibətin qurbanına çevrilib.

Qadınların zorakılığa məruz qalmaları ilə bağlı Türkiyənin “Bianet” bu ölkənin mediasında yer alan xəbərlər əsasında ötən ilin statistikasını tərtib edib.

Simsar.az həmin statistikaya əsasən məlumat verir ki, ötən il sözügedən ölkədə hər 10 qadından 1-i zorakılığa məruz qaldığı üçün qadın hüquqlarının mühafizə idarələrinə, məhkəməyə və digər rəsmi orqanlara dəfələrlə müraciət edib. Lakin buna baxmayaraq yenidən ağır bədən xəsarətləri alıblar.

Qadınlar daha çox həyat yoldaşları tərəfindən zorakılığa məruz qalırlar. Bunlardan 15%-i boşanma tələbi səbəbindən öldürülüb. Zorlanmaya məruz qalan qadınların yarısından çoxuna, daha dəqiq desək 52 %-i buna tanıdıqları tərəfindən məcbur edilib. Bu cür hadisələrin 36%-i qadınların öz evlərində baş tutub.

Cinayət

13.5 % qadın şikayət etdiyi üçün öldürülüb. Öldürülən 13 qadının qatilləri ittiham edilib. 4 qadının qatilləri barəsində aparılan istintaq qərarı cinayət baş verdikdən sonra dayandırılıb. 12 qadının qatilləri barəsində dəfələrlə şikayət edilsə də tələb qəbul edilməyib. Şiddət səbəbi ilə məhkum edilən 4 kişi həbsxanadan buraxıldıqdan sonra da cinayət törədib.

Qadınların 15%-i zorakılıq ucbatından dünyasını dəyişib: boşanmaq istəyən 32 qadın öldürülüb, 19 qadın şiddətə məruz qalıb.

Onlar bir çox hallarda tanıdıqları şəxslər tərəfindən zorakılığa məruz qalırlar. Bunlardan 104-ü əri, 12-si keçmiş əri, 25-i sevgilisi, 6-sı keçmiş sevgilisi, 10-u atası, 9-u kürəkəni, 18-i qohumu olan digər kişilər tərəfindən, 3-ü sevgi etirafını rədd etdiyi üçün, 1-i ailənin ortaq qərarına uyğun, 4-ü dostları, 4-ü nişanlısı, 3-ü təcavüz edən, 3-ü oğru tərəfindən qətlə yetirilib. Ölümlərə səbəblər arasında qan davaları da yer almaqdadır.

Qətllər müxtəlif vasitələrlə törədilib. Belə ki, 116 qadının odlu silahla, 65-nin bıçaqla, 16-sının boğma, 13-nü əzab verilmə, 1-inin isə həyatına yandırma ilə son verilib. İki qadının öldürülmə səbəbləri xəbərlərdə yer almayıb.

Cinayətlərin 10.7%-i (23 kişi) özü ilə bərabər daha bir cinayət gətirib. Həyat yoldaşlarını öldürənlər daha sonra intihar ediblər. 7 nəfər intihara cəhd edib. 23-ü polisə təslim olub.

Qətillər daha çox ölkənin ən böyük şəhəri olan İstanbulda gerçəkləşdirilib. Ən az ölümlər isə Şərqi Anadolu və Qara dəniz bölgələrində qeydə alınıb.

Təcavüz

Türkiyədə 167 qadın və qız kişilər tərəfindən təcavüzə məruz qalıblar. 52% qadına təcavüz edənlər məhz tanıdıqları insanlar olublar: 22 qadına dostları, 17-sinə qohumları, 10-una iş məqsədilə tanıdıqları, 7-sinə keçmiş ərləri 7-sinə keçmiş sevgililəri, 7-sinə qonşuları, 6-sına ərləri təcavüz edib. İş o həddə çatıb ki, qadınlar ictimai obyektlərdə tanış olduqları insanlar: həkimlər (3 nəfər) və müəllimlər (2 nəfər) tərəfindən də təcavüzə uğrayırlar. 3 qadın təcavüzün ardından əxlaqsızlığa məcbur edilib. Təcavüzlərin 36%-i (60 nəfər)  həmin qadınların evlərində, 26%-i( 43 nəfər) küçədə, 23%-i (38 nəfər) qadınların buraxılmadığı məkanlarda yaşanıb. 10 qadın zorla mindirildikləri avtomobildə, 9 qadın saç ustası, otel, polkilinika kimi ictimai obyektlərdə, 4-ü iş yerində, 2-si məktəbdə, 1-i isə liftdə təcavüzə məruz qalıb.

Təcavüzlər daha çox Mərmərə və Qara dəniz sahili ərazilərində qeydə alınıb.

Yaralanma

241 qadın və qız zorakılığa məruz qalıb. 8%-i boşanmaq istədikləri üçün ağır yaralanıb. 10% qadın qanuni müraciətlər etdikləri təqdirdə ağır yaralanıb. 16 qadına qarşı mühafizə tədbirlərinin görülməsi, 6-sı məhkəməyə şikayət etmələrinə baxmayaraq ağır yaralanıb.

1 kişi zorakılıq səbəbi ilə 4 aylıq həbsdən buraxıldıqdan sonra həyat yoldaşını ağır yaralayıb. Bir kişi həyat yoldaşını 4 dəfə döydüyü, digəri öldürməyə cəhd etdiyi üçün sorğulansalar da azad buraxılıblar.

126 qadın ərləri 32-si qohumları, 26-sı keçmiş ərləri, 19-u sevgililəri və ya keçmiş sevgililəri, 2-si qonşuları, 3-ü dostları, 30-u tanımadıqları, 3-ü sevgi təklifini rədd etdiyi kişilər tərəfindən yaralanıb.

Zorakılığın  59%-i döyülmə 27%-i bıçaqlama, 9%-i odlu silahla atəş açma faktı kimi qeyd edilib. Digər 5%lik şiddət isə balkondan atma, boğma, işgəncə, avtomobillə əzmə və yandırmanın payına düşür.

Bu cür halların ən çox müşahidə edildiyi bölgələr Mərmərə və Kocaelidir. Ən az isə Şərqi Anadoluda müşahidə edilib.

Cinsi zorakılıq

Qadınların döyülməsi və öldürülməsi ilə yanaşı onların cinsi zorakılığa məruz qalma halları da sıx qeydə alınır. Belə ki, ötən il ərzində 161 qadın və qız uşağı cinsi zorakılığa məruz qalıb. Bunlardan 37-si müəllimləri, 14-ü özünü dindar kimi təqdim edənlər, 12-si təhsil işçiləri, 11-i polis, 10-u dostları, 5-i keçmiş əri və sevgililəri tərəfindən cinsi təcavüzə uğrayıb.

Təcavüzə səbəb olan faktorlar arasında internet və telefon da yer almaqdadır. Digərləri isə polis şöbələri, ictimai nəqliyyat və iş yerlərində qeydə alınıb.

Mərmərə bölgəsi bu statistik göstəricidə də liderlik edir. Cinsi zorakılıq hallarının 1%-i Şərqi Anadolunun payına düşür.

Qadına qarşı zorakılıq halları ölkənin qərbində daha çox müşahidə olunmaqdadır.

2013-cü ilə 71 bölgədə kişilər tərəfindən törədilən 783 şiddət, cinayətə cəhd, zorakılıq və cinsi şiddət, yaralama faktı qeydə alınaraq media vasitəsilə işıqlandırılıb.

Zorakılıq daha çox İstanbul (131), Kocaeli (52), Adana (45), İzmir (44) ve Konya’da (35) yaşanıb.

Hazırladı: Ülviyyə Cövdətqızı


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!