Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında çıxış edib. O, çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsinin regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid olduğunu bildirib.
Simsar.az nazirin çıxışını olduğu kimi təqdim edir:
Çıxışıma zati-aliləri cənab Didiye Burxalteri İsveçrənin ATƏT sədrliyi çərçivəsində Nazirlər Şurasının 21-ci iclasının mükəmməl təşkili münasibətilə təbrik edərək başlamaq istərdim. Eyni zamanda, Serbiyadan olan hörmətli həmkarım zati-aliləri cənab İviça Daçiçə qarşıdan gələn sədrlik vəzifəsində uğurlar arzulayıram.
Cənab Sədr, Avropa və bütövlükdə qlobal təhlükəsizlik arxitekturasının ciddi təhdidlər qarşısında olduğu bu kritik dövrdə ATƏT iştirakçı dövlətlərin meydana gələn çağırışlara qarşı ortaq addım atmasında əvəzolunmaz faydalı platforma olmaqda davam edir.
Azərbaycan kimi bloklara üzv olmayan ölkələr üçün ATƏT maraqlarımızı birtərəfli hökmranlığın təzyiqlərindən müdafiə və təşviq etmək üçün yeganə çoxtərəfli formatıdır. Biz bir-birinə müxalif olan siyasi-hərbi bloklar arasında artan rəqabət nəticəsində bölücü xəttlərin dərinləşməsindən və Avropanın təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun getdikcə daha da zəifləməsindən ciddi şəkildə narahatlıq hiss edirik. ATƏT həm genişlənən siyasi/hərbi bloklar, həm də bloklara üzv olmayan ATƏT-in iştirakçı dövlətləri arasında etibarlı və təhlükəsiz münasibətlər şəbəkəsinin yaradılmasında istifadə olunmalıdır.
ATƏT-in hazırkı gündəliyində məqsədyönlü şəkildə insan hüquqları və fundamental azadlıqlarla bağlı məsələlərə həddindən artıq böyük diqqət yetirilir. Demokratiya quruculuğu sahəsində böyük dəstəyə rəğmən, təəssüf ki, bəzən biz müfəssəl və bütöv yanaşmada çatışmazlıqlar, ikili standartlar, bəzi ATƏT institutları tərəfindən mandatlarının pozulması və insan hüquqlarına münasibətdə narahatlıqlar adı altında ATƏT iştirakçısı olan dövlətlərdə təhlükəsizliyi pozmağa yönəlmiş cəhdlər müşahidə edirik. Biz müvafiq ATƏT institutlarını etimadı bərpa etmək istiqamətində ciddi səylər göstərməyə və müvafiq mandatlarını icra edərkən ikili standart, coğrafi və digər üstünlüklərdən uzaq olmağa çağırırıq.
Cənab sədr, təəssüf ki, ATƏT ərazisindəki həlli uzadılmış münaqişələr Avropa qitəsində sülh və təhlükəsizliyə hələ də əsas təhlükədir. ATƏT-in vasitəçilik imkanlarının gücləndirilməsi Helsinki Yekun Aktının əsas prinsiplərinin selektiv təfsirinə və ATƏT iştirakçısı olan dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdlərinə qarşı ciddi müqavimətlə müşayiət olunmalıdır.
Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsi regional və beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş müvafiq 4 qətnaməsinə açıq-aşkar hörmətsizlik olaraq qalmaqda davam edir.
Təəssüflər olsun ki, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi, Uels və Parisdə keçirilən sonuncu danışıqlarından sonra Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində irimiqyaslı təxribatçı hərbi təlimlər həyata keçirdi. Hər üç görüşdə sülh danışıqlarında irəliləyişə nail oluna biləcəyinə müəyyən müsbət işarələr var idi. Ermənistan tərəfindən belə təxribatçı güc nümayişi bu danışıqların ruhuna, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinin səylərinə uyğun gəlmir və Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan ərazilərindən çıxarılmasının siyasi həllinə nail olunması istiqamətində etimadın qurulmasına mənfi təsir göstərir. ATƏT-in Minsk Qrupunun həmsədrləri artıq Azərbaycanın işğal olunmuş ərazilərində çoxsaylı hərbi heyət və texnikanın cəlb edilməsi ilə keçirilmiş Ermənistanın bu irimiqyaslı hərbi təlimləri ilə bağlı narahatlıqlarını ifadə etmişlər. Ermənistanın bu kimi hərbi təlimləri təkcə vasitəçilərin sülh danışıqlarında irəliləyiş əldə etməsinə maneçilik cəhdi kimi deyil, eyni zamanda ərazilərin işğalının möhkəmləndirilməsinin davam etməsi kimi qiymətləndirilməlidir.
Azərbaycan dəfələrlə bəyan etmişdir və mən də bunu bir daha təkrar edirəm ki, hər an gözlənilməz nəticələrə yol aça biləcək gərginlik potensialı ilə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu sabitliyi pozan əsas amildir.
Ermənistan hökuməti dərk etməlidir ki, hərbi təcavüz nəticəsində güc tətbiqi ilə əldə olunmuş status-kvoya arxalanmaq ciddi səhvdir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin öz doğma yurd-yuvalarından etnik təmizlənməsi həll yolu deyil və heç vaxt Ermənistanın arzu etdiyi siyasi nəticəni verməyəcəkdir. Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılması etimadın qurulması üçün önəmli addım olacaq və sülh prosesinin gedişatını tamamilə dəyişəcək və Cənubi Qafqaz regionunun hərtərəfli və davamlı inkişafı üçün geniş imkanlar yaradacaqdır.
Sonda, Paris sammitində Prezident Fransua Oland, həmçinin Minsk Qrupunun həmsədrləri tərəfindən dəstəklənən və çağırış edilən sülh sazişinin tərtib edilməsinə Azərbaycanın hazır olduğunu bir daha vurğulamaq istərdim. Bizim hamımız Ermənistanı bu önəmli təşəbbüsü ciddi şəkildə nəzərdən keçirməyə çağırmalıyıq.
Hüseyn İbadlı