21 Aprel, 2011
Meşə gözəllərinin həyatı təhlükədə

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: "Ehtiyatlı olun"

Heyvanlar balalama dövrünün yaxınlaşması ilə əlaqədar kiçik qruplar halında gəzir

Keçən il dekabrın 24-də Pirəkəşkül qəsəbəsi yaxınlığındakı Qobustan-Cəngiçay ərazisinə buraxılmış ilk ceyran sürüsünün hərəkətləri barədə gündə bir neçə dəfə peyk vasitəsilə məlumatlar alınır. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Simsar.az-a verilən məlumata görə, məlumatlar ceyranların boyunlarına bağlanmış xüsusi siqnalötürücü xalta vasitəsilə ötürülür. 


Aprelin 19-a olan peyk məlumatlarına əsasən, hazırda ceyranlar balalama dövrünün yaxınlaşması ilə əlaqədar kiçik qruplar halında gəzir. Onların əsas hissəsi Güzdək qəsəbəsinin sol tərəfindəki təpəlik ərazilərdə, digər hissəsi isə Abşeron rayonu ərazisində yerləşən Xüsusi Təhlükəsizlik Xidməti qoşunlarının təlim mərkəzinin ətrafında və Cəngi yolunun yaxınlığında müşahidə olunub. Hərəkət istiqamətlərindən asılı olaraq, ceyranların quru ot və su ilə təminatı həyata keçirilir.


Ceyranların olduqları əraziyə dövlət təbiət yasaqlığı statusunun verilməsi məsələsi müəyyən səbəblərdən ləngidiyindən ərazidə mühafizə rejiminin təmin olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin (Qobustan, Abşeron, Sumqayıt və Xızı inzibati rayonlarını əhatə edir) əməkdaşlarından ibarət qrup yaradılıb.


Ərazidə fəaliyyət göstərən fermer və çobanlardan reintroduksiya olunan ceyranların həyatı üçün təhlükə törədə biləcək hər hansı fəaliyyətdən çəkinmələrinə dair iltizamlar alınıb, həmçinin əraziyə maarifləndirici təbliğat lövhələri vurulub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində ceyranların tarixi ərazilərində məskunlaşdırılması işi 2011-ci ilin iyun ayından etibarən, yəni balalama dövrü bitdikdən sonra davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!