20 Aprel, 2011
Mətbuat Şurası prezidentə müraciət edəcək

Təklif: "Jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət  imtahanları keçirilsin"

Bu gün Azərbaycan Mətbuat Şurası (MŞ) İdarə Heyətinin (İH) iclası keçirilib. MŞ-dan Simsar.az -a verilən məlumata görə, şura sədri Əflatun Amaşov İH üzvlərinə gündəliyə təklif olunan məsələlər barədə məlumat verib. Gündəliyə 4 məsələnin daxil edilməsi qərara alınıb. 
Əvvəlcə MŞ Şikayətlər üzrə Komissiyasının və «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu ətrafında müzakirələr aparılıb. İH üzvləri «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının «Gündəm xəbər» qəzetinin adının yenidən MŞ-nin «qara siyahı»sına daxil edilməsi ilə bağlı təqdimatındakı arqumentləri bununla əlaqədar qərar çıxarılması üçün yetərli sayıblar. Qeyd olunub ki, MŞ nəşrin adını milli mətbuatın 135 illik yubileyi münasibətilə həyata keçirdiyi əfvə əsasən siyahıdan çıxarsa da, «Gündəm xəbər» rəhbərliyi məsələdən lazımi nəticə çıxarmayıb. Şuraya qəzetlə bağlı ünvanlanan çoxsaylı haqlı şikayətlər, həmçinin onun saylarının monitorinqi göstərib ki, mətbuat orqanında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın prinsip və bəndlərinə sayğısızlıq halları daim təkrarlanmaqdadır. İH «Gündəm xəbər»lə bağlı materialların hüquq-mühafizə orqanlarına göndərilməsi üçün əsasların olduğunu da müəyyənləşdirib. Eyni ölçü tədbirinin «Bizim dövr» qəzeti ilə bağlı seçilməsi zamanı mətbu orqanın peşə prinsiplərinə etinasız yanaşdığını təsdiqləyən şikayət və müraciətlər əsas götürülüb.
İclasda daha bir qəzetin adının MŞ-nin «qara siyahı»sına salınması barədə qərar qəbul edilib. Bu barədə «Ədalət carçısı» qəzeti ilə bağlı çıxarılan qərarın motivini nəşrin etik prinsiplərə aşkar sayğısızlığı, peşə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verməsi təşkil edib.
MŞ İdarə Heyəti «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının «Cəmiyyət» qəzetinə ciddi xəbərdarlıq, «Azərbaycan gündəmi» qəzetinə isə xəbərdarlığın edilməsi ilə bağlı rəylərini eyni məzmunlu qərarların çıxarılması üçün əsas sayıb. Qərara alınıb ki, «Cəmiyyət» qəzetinin qarşıdakı üç ay müddətində çıxacaq saylarının monitorinqi aparılsın, prosesin yekununa əsasən mətbu nəşrin fəaliyyətində nə dərəcədə dönüş yaratdığı, iradlardan necə nəticə çıxardığı müəyyənləşdirilsin.
İclasda «reket nəşr»lərlə bağlı müzakirə aparılarkən belə kütləvi informasiya vasitələrinin hələ də «Azərbaycan» Nəşriyyatında mövcudluğu faktının narazılıq doğurduğu vurğulanıb. Məsələ ilə bağlı Şuranın İH-nin bu qurumun rəhbərliyi ilə görüş keçirməsinin, zəruri olan birgə tədbirlərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Ali məktəblərin jurnalistika fakültələrinə qəbul zamanı qabiliyyət imtahanlarının keçirilməsinin tətbiqi ətrafında fikir mübadiləsi aparılarkən yekdil rəy bundan ibarət olub ki, məsələnin əhəmiyyəti dövlət başçısı tərəfindən də vurğulanıb. Buna görə də MŞ-nın ölkə prezidentinə müraciət ünvanlaması məqsədəuyğun sayılıb.

Sonda MŞ sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib. Şuraya bununla bağlı müraciət edən KİV-in zəruri prosedur qaydaları yerinə yetirmələri sahəsindəki vəziyyət dəyərləndirildikdən sonra «Elm və həyat» jurnalı, «Millətçilik», «Yeni Avropa» qəzetləri və «Metroservis» MMC Şura sıralarına qəbul ediliblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!