29 Noyabr, 2014
Çempionatımızın qızıl medalçısı ÇL-in simvolik komandasında

Avropa Voleybol Konfederasiyası (CEV) qadın klublar arasında Çempionlar Liqasının II turunun simvolik komandasını açıqlayıb. Simsar.az Apasport.az-a istinadən xəbər verir ki, CEV-in müəyyənləşdirdiyi “yeddilik”də “Rabitə”nin oyunçusu Tori Dikson da yer alıb.

22 yaşlı Azərbaycan çempionu 10 görüşün yekununa əsasən açıqlanan siyahıda 2 ən yaxşı blokçudan biri olub. CEV perspektivli amerikalı voleybolçumuzla yanaşı, bu mövqedə “Əczaçıbaşı”nın (Türkiyə) şərəfini qoruyan polşalı Maya Polyakı “keçilməz sədd” sayıb.

“Yeddilik”də II turda "Rabitə"nin 3:2 hesabı ilə məğlub etdiyi Kazan “Dinamo”sunun italiyalı hücumçusu Antonella Del Kore də yer alıb. Həmçinin, ön sahə oyunçuları arasında Tiyana Boşkoviçlə (“Partizan”, Serbiya) Yuliya Kutyukovaya (“Omiçka”, Rusiya) da yer verilib.

Turun toppaylayıcısı Eleonara Lo Byanko seçilib. “Fənərbaxça”nın şərəfini qoruyan italiyalı özünü “Azəryol”a 3:1 hesabı ilə qalib gəldikləri matçda yaxşı tərəfdən göstərib.

Ən yaxşı libero mövqeyində isə Anna Malova fərqlənib. Moskva “Dinamo”sunun şərəfini qoruyan rusiyalı əla qəbula görə simvolik komandanın “bəstəboyu” olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!