28 Noyabr, 2014
Avtobus sürücülərinin sərnişinlərə qarşı bitməyən SAYMAMAZLIĞI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin paytaxtda avtobus sürücüləri ilə bağlı reydləri davam etdirməsinə baxmayaraq, demək olar ki, problemlər hələ də həllini tapmayıb. Aparılan reydlər avtobus sürücüləri arasında nizam-intizamın yaradılması və yol qəza hadisələrinin qarşısının alınması məqsədi ilə həyata keçirilir. Birmənalı olaraq demək mümkündür ki, bu gün bəzi şəhərdaxili avtobus sürücülərinin mədəniyyəti və xidməti sıfır səviyyəsindədir. Sərnişinlərlə kobud rəftar isə sürücülük mədəniyyətinin göstəricisinin aşağı olmasından xəbər verir. Bu da sərnişinlərin şikayətlərinə, onların narazılıqlarına gətirib çıxarır. Çox təəssüf ki, bəzən əlaqədar qurumlar səriştəsiz avtobus sürücülərinin yaratdığı problemlərdən məlumatsız olur. Bundan əlavə, sürücülər nizam-intizam qaydalarına tam zidd olaraq sükan arxasında siqarət çəkir, mobil telefonla danışır, harınlanmış vəziyyətdə özünü oturacağa sərərək, sanki sərnişinləri ekskursiyaya çıxarmış kimi avtobusu idarə edirlər. Bütün olanlar azmış kimi, sərnişinlərin ardınca nalayiq sözlər də işlədirlər. Demək olar ki, 65, 79, 88, 86, 90 nömrəli avtobusun sürücüləri ilə sərnişinlər arasında daim konfliktlər yaranır, lazımi ünvanlarda saxlamadıqları üçün mübahisələr düşür.

Maraqlı məqam isə aidiyyəti qurumların bütün bu olanlardan xəbərsiz olması yaxud xəbərləri olan halda  müvafiq tədbirlərin görülməməsidir.

Sadə vətəndaşlar isə heç bir problem yaratmamaq üçün səslərini çıxarmır, sürücülərin mədəniyyətdən kənar rəftarına dözmək məcburiyyətində qalırlar.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov isə mövcud problemin həll yolunu sürücülərlə sərnişinlərin ünsiyyətinin minimuma endirilməsində görür: “Bu proses isə iki istiqamətdə aparılmalıdır. Bütün avtobuslarda ödənişi nağdsız sistemə tam keçirtmək lazımdır. Bu halda sürücünün pulu xırdalamasına və əlavə bəhanələrin uydurulmasına ehtiyac qalmaz. Sürücü və sərnişinləri öyrətmək lazımdır ki, avtobus ancaq daynacaqda əyləməlidir. Bunun əksi isə heç bir sərniçin tərəfindən tələb olunmamalıdır. Bu qaydalara sürücü və sərnişinlər əməl etsələr belə problemlər tədricən azala bilər”.

Sürücülərin sükan arxasında siqaret çəkməsi yaxud telefonla danışmasına da münasibət bildirən mütəxəssis bu halların avtobus sürücülərinin nizamsızlığından irəli gəldiyini deyib: ““Belə halları qanun qadağan edib. Sadəcə nəzarət gücləndirilməlidir. Avtobuslarda hər bir sürücünün fəaliyyətini gösətərəcək kamera yerləşdirilməlidir. Bu sistem canlı olaraq sürücünün işlədiyi şirkətin dispetçr məntəqəsinə bağlı olmalıdır ki, tez-tez onun nə ilə məşğul olduğunu izləmək asanlaşsın. Belə olan halda sürücülərin sərnişinlərə qarşı qeyri-etik davranışları tədricən aradan qalxa bilər”.

Bakı Sərnişin və Yükdaşımalarının Təşkili Məhdud Məsuliyyətli Cəmiyyətin rəsmisi Əmrah Cəfərov bildirib ki, bu yaxınlarda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Dövlət Avtomobil Xidməti Bakı Sərnişin və Yükdaşımaları İdarəsi ilə birgə deyilənləri müzakirə edərək çıxış yolları axtarılıb. İclasda qərara alınıb ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən nizam intizam qaydalarını pozan, sükan arxasında siqaret çəkənlərə telefonla danışan sürücülərə qarşı cəzalar sərtləşdirilsin.

O qeyd edib ki, sürücü məsuliyyətini hiss eləməyənlər öz vəzifələrindən azad ediləcək.

Onun sözlərinə görə, bir qrup sürücüyə Tədris Kursu Kombinatında təkrar təlim – tərbiyə xarekterli dərs keçiriləcək: “Bu yaxınlarda adı çəkilən kursu bitirən kursu 150 nəfər arasından qeyri peşəkar sürücləri əzvə etmmək üçün peşəkar sürücülər seçiləcək. Artıq onlardan 20-30 nəfər  Dövlət Yol Polis idarəsində imtahan verərək sürücü məsuliyyətini dərk etməyənlərin yerinə işə başlayıblar”.

Qurum rəsmisi əlavə edib ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti ilin axırına istifadəyə veriləcək elektron tablo vasitəsilə qeyri-peşəkarlığına görə, bir daha sərnişin daşıma fəaliyyəti ləğv olunmuş sürücünün başqa  sahibkara sürücülük  etmsi ilə bağlı müraciətini izləyə biləcək. Elektron tablo bu ilin sonuna ən gec halda 2015-ci ilin yanvar ayına qədər istifadəyə veriləcək. Yeni sistem vasitəsilə  bu halların qarşısı alınacaq.


Aysel Kərimova

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!