20 Aprel, 2011
Mehriban Əliyeva Parisdə

“Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılıb

Fransada səfərdə olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri çərçivəsində bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib.

Simsar.az-ın məlumatına görə, aprelin 18-də Parisdə "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açılıb. Sərginin yerləşdiyi tarixi "Vandom" meydanındakı "Eğvö" hotelində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransanın mədəniyyət naziri Frederik Mitteran ilə görüşüb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı yenidən Parisdə görməkdən məmnun olduğunu deyən Frederik Mitteran ölkələrimiz arasında mədəniyyət sahəsində əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu deyib. O, bu ilin fevralında Parisdə Azərbaycan Respublikasının müstəqilliyini bərpa etməsinin 20-ci ildönümünə həsr olunan mərasimi xatırlayaraq tədbirin böyük uğurla keçdiyini bildirib. Frederik Mitteran deyib ki, Fransa tərəfi Azərbaycanda özünün mədəni irsinin nümayiş etdirilməsi təşəbbüsü ilə çıxış edib. Fransaya məxsus 100 mədəniyyət nümunəsinin Azərbaycanda müxtəlif sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulub.

Mehriban xanım Əliyeva bu təşəbbüsə Azərbaycan hökumətinin dəstək verdiyini bildirib və deyib ki, Heydər Əliyev Fondunun prezidenti kimi bu tədbirin uğurla keçməsi üçün səylərini əsirgəməyəcək.

Azərbaycanın birinci xanımı Fransanın mədəniyyət nazirini Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

Görüş başa çatdıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran ölkəmizin 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar yurdu Azərbaycanın müasir əsərləri" adlı sərgiyə baxıblar. Sərgidə Azərbaycan rəssamlarından Əşrəf Murad, Darvin və Rəşad Vəlibəyovlar, Rasim və Rəşad Babayevlər, Məmməd Mustafayev, Mirnadir Zeynalov, Altay Sadıqzadə kimi tanınmış fırça ustalarının əsərləri nümayiş olunur. Ölkəmizi tərənnüm edən bu sərgi Azərbaycan insanının xarakterini Qərb tamaşaçısına çatdırmaq baxımından əvəzsiz fürsət olub.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!