27 Noyabr, 2014
Samir Cəfərov Belarusun nazir müavinini qəbul etdi

“Azərbaycan Polad İstehsalı Kompleksi” QSC-də Cəmiyyətin sədri Samir Cəfərovla Belarusun sənaye nazirinin müavini Pavel Utyupin arasında görüş keçirilib.

QSC-nin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə,  Görüşdə Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç də iştirak edib.

Ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrin və əməkdaşlıq perspektivlərinin müzakirə edildiyi görüşdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti bir daha vurğulanıb.

Azərbaycan iqtisadiyyatı eləcə də “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC barədə geniş məlumat verən Samir Cəfərov kompleksin layihələndirilməsi və tikintisi istiqamətində görülən işləri  qonaqların diqqətinə çatdırıb .

Nazir müavini  Pavel Utyupin  bildirib ki, Azərbaycan və Belarus  arasında əlaqələr müxtəlif sahələrdə uğurla inkişaf edir və qarşılıqlı səfərlər, keçirilən görüşlər əməkdaşlığın genişləndirilməsində xüsusilə əhəmiyyətlidir.

Nikolay Patskeviç səfir kimi iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi,  mövcud potensialdan səmərəli istifadə edilməsi  üçün səy göstərəcəyini bildirib.

Tədbirdə hər iki tərəf “Azərbaycan Polad İstehsalı Kompleksi” QSC ilə Belarus Respublikasının “BeLaz” şirkəti arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edib.

Simsar.az


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!