27 Noyabr, 2014
Milli sirk dərdi: Görən, bizə kim qarğış etdi?

Bir neçə il öncə kəndimizə getmişdim. İbadət etmək üçün məscid olub-olmamasını soruşdum. Mövcudluğunu desələr də, istifadə edənin olmadığını söylədilər. Hətta dedilər ki, nadir hallarda, kəndə təşrif buyuran qonaqlar bu məscidin qapısını açar. Bir sözlə kəndimizin məscidi boynubükük yetim uşağa bənzəyir. Doğrusu, buna  çox pis olmuşdum.

Dünən Bakı Dövlət Sirkinin yanından keçərkən bu əhvalatı xatırladım. Sonra Bakı Sirkinin tarixi haqda maraqlandım. Məlum oldu ki, bizim tez-tez qarşısından keçdiyimiz bu bina 1967-ci ildə memar E.İsmayılov və F.Leontyev tərəfindən inşa edilib. Zamanında dünyanın qabaqcıl sirk truppalarnı qəbul edib.

Sovet Azərbaycanında isə ilk milli sirk truppası 1945-ci ildə yaradılmışdı. Truppa keçmiş Sovet İttifaqının ərazisində, eləcə də Afrika, Asiya, Amerika və Avropada qastrollarda olub. Sovet hakimiyyəti dağıldıqdan sonra isə sovetin yaratdığı milli sirk ənənələrimiz isə nədənsə yoxa çıxmağa başlayıb. İndi Azərbaycanı ölkəmizin özündə belə təmsil edən sirk qrupu yoxdur.

Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Hümbətov məsələyə münasibət bildirərək deyib ki, Azərbaycanın dünyada tanınmış sirk ustaları var. Onlar müxtəlif qruplarla dünyanın hər yerində öz nömrələri ilə çıxış edirlər. Lakin onların qrup halında Azərbaycanda fəaliyyət göstərməsinə gəlincə, bu mümkün deyil: “Məsələnin biznes tərəfi var. Onlar burda bir konsertə tamaşaçı toplaya bilərlər, sonra tamaşaçı eyni nömrələrə, eyni qrupa maraq göstərməyəcək. Ona görə də məcburdurlar fərdi şəkildə fəaliyyət göstərsinlər”.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İntiqam Hümbətov da eyni fikirləri səsləndirib. Onun sözlərin görə də milli truppanın yaradılmamasının səbəbi işin biznes tərəfidir: “Bu məsələ bir ara gündəmə gətirildi. Amma görünür özün doğrultmadı. Bu gün insanlar fərqli-fərqli, rəngarəng nömrələr, simalar görmək istəyirlər. Bir çox MDB ölkələrinin sirkləri də bu cür işləyir. Yalnız müqavilə əsasında fərqli qrupları ölkəyə dəvət edirlər”.

Görünən isə odur ki, Azərbaycan tamaşaçısı milli sirk qrupunu hələ uzun illər görə bilməyəcək. Çünki bu günün tələbinə və biznes şərtlərinə uyğun gəlmir.

Vüsal Qarayev


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!