27 Noyabr, 2014
Musiqili Teatrda möhtəşəm yeni il proramı

Azərbaycan Dövlət Musiqili Teatrında olduqca maraqlı, musiqili-əyləncəli Yeni il şənliklərinə hazırlıq başa çatmaqdadır. Hər il olduğu kimi bu il də balaca tamaşaçıları uzun müddət unuda bilməyəcəkləri maraqlı anlar, sürprizlər, hədiyyələr və yeni tamaşa gözləyir. Yeni il bayram proqramlarının personajları olan Şaxta baba və Qar qız balacaları teatrın məhz onlar üçün hazırladığı yeni tamaşaya – Şarl Perronun “Yatmış gözəl və cırtdanlar” səhnə əsərinə baxmağa dəvət edəcək.

Tamaşanın quruluşçu-rejissoru Elşad Rəhimzadə Simsar.az-a bildirib ki, Musiqili Teatrın hazırladığı Yeni İl şənliklərində balacaları Disneyin məşhur nağıl qəhrəmanları, sehrli pərilər, oyunbaz cırtdanlar, cadugər, Santa Klaus, Macdonald, Vinni Pux və başqaları ilə əyləncəli anlar gözləyir.

“Yatmış gözəl və cırtdanlar” tamaşasındakı yatmış gözəli oyadacaq Şahzadə isə balaca tamaşaçılar arasından seçiləcək. Həmin balaca tamaşaçı – Şahzadə zaldan səhnəyə gələnə qədər müxtəlif sınaqlardan keçərək sonda yatmış gözəli oyadacaq. Elşad Rəhimzadə qeyd edib ki, teatrın hazırladığı builki Yeni il şənlikləri məktəblilərin qış tətili günlərində uşaqlara ikiqat bayram əhval-ruhiyyəsi bəxş edəcək.

Tədbirin sonunda Şaxta baba hədiyyələrlə balaca tamaşaçıları sevindirəcək.

Dekabrın 25-dən 2015-ci il yanvarın 10-a qədər təşkil olunacaq Yeni İl şənliklərinə və “Yatmış gözəl və cırtdanlar” tamaşasına biletləri teatrın və şəhərin kassalarından əldə etmək olar.

Günel


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!